BLOQ

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Rəsul Rzanın anadan olmasının 115-ci ildönümü tamam olur

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.

    Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulub.

    Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlayıb. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləyib. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə qayıdıb. O, 1930-cu ildə Bakıya köçüb.

    Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A. Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R. Rza tərcüməçi vəzifəsinə işə düzəlir.

    Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub.

    Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.

    Görkəmli poeziya ustasının “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.

    Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.

    Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.