Bu gün Xalq yazıçısı İmran Qasımovun ad günüdür
O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub
İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk Azərbaycanın ilk qadın mühəndislərindən biri idi.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.
Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.
Dramaturq və kinossenarist İmran Qasımovun yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İmran Qasımovla bağlı xatirələrində yazıb: “İmran müəllim atamın ən yaxın dostlarındandı. Rəsul Rza əvvəlcə Kino işləri idarəsinin müdiri, sonra Azərbaycanın ilk kino naziri olarkən İmran Qasımov onun müavini vəzifəsində çalışırdı, ancaq onların münasibətləri nazir-müavin münasibəti deyildi, çox yaxın, məhrəm dostluq əlaqəsi idi, ruhən yaxın insanların mənəvi yoldaşlığı idi. Atam onu nəvazişlə "İmrani" deyə çağırırdı. İmran da Rəsul Rza haqqında ən səmimi sözlər deyib və yazıb. Gözümü açandan İmran müəllimi evimizin əziz qonaqlarından biri kimi xatırlayıram. İmran Qasımov əsl insan idi. Tanrı ona səxavətlə insan olmaq istedadı əta etmişdi. İmran Qasımov vəfat edəndə dahi bəstəkarımız Qara Qarayev Moskvadan teleqram vurmuşdu, teleqram qəzetlərdə də dərc olundu. Bu başsağlığı teleqramında bir cümlə məni heyrətləndirmişdi. Qara Qarayev İmrana "axır ki, rahatlıq tapdın" sözlərini yazmışdı. O vaxt mən bu sözlərin dərin mənasını başa düşməmişdim. İndi başa düşürəm”.
İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.
3 dəqiqə