"Turan Tovuz" evdə "Neftçi"yə məğlub olub YENİLƏNİB
"Səbail" Misli Premyer Liqasını tərk edib

21:25
Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Emin Mahmudovla (9) Dembo Darbo (32) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
***
18:59
Misli Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.
“ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.
Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.
Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.
***
10:48
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək.
Günün ilk matçında “Zirə” “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı qarşılaşma saat 17:00-da başlayacaq. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
Artıq gümüş medalları təmin edən “qartallar” 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Dənizçilər” isə 22 xalla sonuncu – 10-cu sırada yer alıb.
Günün son oyunu Tovuzda keçiriləcək. “Neftçi” səfərdə “Turan Tovuz”la qarşılaşacaq. Saat 19:30-da start götürəcək matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Sabah” öz meydanında “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib. Tura mayın 11-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.