Cəbrayıl şəhər tam orta məktəbində ilk dərs günüdür
Mehdi Mehdizadə adına tam orta məktəbdə 122 şagird təhsil alır
Bu gün Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günüdür.
Hazırda məktəbdə 122 şagird təhsil alır. İlin sonundək bu sayın 400-ə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
1876-cı ildən fəaliyyətə başlayan məktəb Ermənistanın işğalı nəticəsində viran edilmişdi.