XƏBƏRLƏR / Qayıdış

Cəbrayılda daha 40 ailəyə evlərinin açarları təqdim olunub

Bu mərhələdə Cəbrayıl şəhərinə 200 nəfər köçürülüb

Cəbrayılda daha 40 ailəyə evlərinin açarları təqdim olunub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:31

    Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

    Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Ailələr açarları təhvil alıb, evlərində məskunlaşıblar. Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

    ***

    12:50

    Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

    Sakinlərin qarşılanma mərasimi keçirilib.

    Bu mərhələdə şəhərə 40 ailə - 200 nəfər köçürülüb.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

    ***

    08:16

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağəli (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Şuşa - 823 nəfər (220 ailə)
    Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
    Cəbrayıl - 783 nəfər (203 ailə)

    Ümumi: 9010 nəfər