Qayıdış

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb YENİLƏNİB

Bu mərhələdə Cəbrayıla 198 nəfər qayıdıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:35

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

    Cəbrayıl şəhəri bu gün 53 ailə olmaqla, 198 nəfərə qucaq açıb.

    Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və burada yaradılan gözəlliyi seyr ediblər.

    Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Köçürülən ailələrin Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

    Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

    ***

    06:49

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb.

    Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 452 nəfər (130 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
    Cəbrayıl — 2501 nəfər (565 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 122 nəfər (33 ailə)
    Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)

    Cəmi: 15 804 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.