XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb

YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 13:40

    Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə olmaqla, 85 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    12:50

    Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

    Bu gün daha 22 ailə (85 nəfər) öz doğma yurduna gəlib.

    Qeyd edək ki, Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.

    Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

    ***

    08:00

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə - 85 nəfər köçürülüb.

    Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2176 nəfər (590 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 464 nəfər (93 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 931 nəfər (244 ailə)
    Kolatağ - 89 nəfər (26 ailə)
    Vəngli - 470 nəfər (119 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 561 nəfər (128 ailə)
    Xanyurdu - 371 nəfər (108 ailə)
    Şuşakənd - 335 nəfər (90 ailə)
    Badara - 134 nəfər (43 ailə)
    Seyidbəyli - 128 nəfər (38 ailə)
    Daşbulaq - 98 nəfər (22 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 692 nəfər (172 ailə)

    Ağdam rayonu
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2148 nəfər (543 ailə)

    Xocavənd rayonu
    Hadrut - 105 nəfər (27 ailə)
    Qırmızı Bazar - 254 nəfər (67 ailə)
    Sos - 167 nəfər (40 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)


    Cəmi: 23 402 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.