XƏBƏRLƏR / Dünya

Cənubi Koreya prezidentinin impiçment proseduruna başlanılıb

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb YENİLƏNİB

Cənubi Koreya prezidentinin impiçment proseduruna başlanılıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:05

    Koreya Respublikasının altı müxalifət partiyası yerli vaxtla saat 14:43-də Prezident Yun Sok Yolun impiçmenti barədə təklif irəli sürüb.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Məlumata görə, impiçment üzrə səsvermə dekabrın 6-sı və ya 7-də keçiriləcək. Prezidentin impiçmenti barədə təklifi 191 deputat dəstəkləyib.

    Parlamentdə 300 yer var ki, bunlardan 108-i prezidentin "Vətəndaş Gücü" partiyasının nəzarətindədir. İmpiçment üçün deputatların 2/3-nin səsi lazımdır. Təşəbbüs lazımi səs sayını toplayarsa, məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə veriləcək. Doqquz hakimdən altısı Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləməlidir. Konstitusiya Məhkəməsində işə baxıldığı müddətdə prezidentin səlahiyyətləri dayandırılacaq. Onun vəzifələrini Baş nazir icra edəcək.

    Daha əvvəl parlamentin 190 deputatı, o cümlədən Prezidentin "Vətəndaş Gücü" partiyasının nümayəndələri hərbi vəziyyətin ləğvinə səs veriblər.

    ***

    09:35

    Cənubi Koreya Prezidenti Yun Sok-Yöl administrasiyasının rəhbərliyi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    “Prezidentin baş katibi də daxil olmaqla, prezident aparatının yüksək vəzifəli şəxsləri istefalarını kollektiv şəkildə elan ediblər”, - məlumatda deyilir.

    Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.

    Dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb və Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.

    Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.

    Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.

    Prezident Yun Suk Yolun fövqəladə hərbi vəziyyət elan etməsini pisləmək üçün Seul şəhərinin mərkəzində mitinq keçirilir