Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü YENİLƏNİB
Nazirlər jurnalistlər üçün birgə açıqlama veriblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə mətbuat konfransında:
- Bakı İrəvana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib.
Tərəflər arasında müsbət istiqamətdə irəliləyiş əldə olunub. Açıq qalan sualların sayı xeyli azalıb. Azərbaycana qarşı ərazi iddiaları Ermənistanın əsas qanununda - Konstitusiyada qalır. Bu, bizə prosesi başa çatdırmaq üçün ən ciddi maneə kimi görünür.
- Rəsmi şəxslərin qarşılıqlı səfərləri hər zaman bir-birinin təşəbbüslərini dəstəkləyən Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin möhkəmliyindən xəbər verir.
- Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli platforması var. Bir sıra mühüm qərarlar qəbul edilib, bəzi mövzularda razılaşmalar əldə olunub. Ölkələrimizin həyata keçirdiyi layihələr nəqliyyat və enerji təhlükəsizliyi baxımından çox önəmlidir. Ölkələr arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 900 milyon dollar təşkil edib. Azərbaycanın neft və qaz kəmərləri Gürcüstandan keçir və enerji resurslarını dünya bazarlarına çıxarır. Bu layihələr rayonumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji dəhlizi layihəsini də əsrin ən mühüm layihələrindən biri adlandırmaq olar
- Ermənistanla sərhədlərin delimitasiyası üzrə işlər davam edir. Yaxın gələcəkdə biz növbəti müsbət addımların şahidi olacağıq.
- Görüş zamanı mən Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonrakı normallaşması sahəsində mövcud vəziyyət barədə məlumat verdim. Qeyd edim ki, bu istiqamətdə işlər davam etdirilir. Son aylarda biz bir sıra müsbət irəliləyişlərin şahidi olduq. Onların arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası ilə bağlı razılığın əldə olunması və protokolun imzalanması da var. Biz bu addımı vacib hesab edirik. Bu protokol sayəsində Azərbaycanda 4 kəndin işğalına son qoyuldu.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Ceyhun Bayramovla birgə mətbuat konfransında:
- Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün həm yaxşı dost, həm də çox yaxşı strateji tərəfdaşdır.
- Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün hər cür səy göstərəcək.
- Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə inkişaf edir. İqtisadi layihələr həyata keçirilir. Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq ölkələrimizin və regionun rifahı üçün vacibdir.
- Gürcüstanla Azərbaycan arasında regional, strateji əməkdaşlıq çox fərqlidir, biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmağa başlayırıq. Bu, ölkələrimizin və regionun rifahı üçün vacibdir. Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və hörmət edir, müxtəlif formatlarda əməkdaşlıq edir. İki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir
***
Gürcüstanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sonra XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar aspektlərini müzakirə ediblər.
Xarici işlər nazirləri həmçinin müxtəlif regional və beynəlxalq formatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar.
Münaqişə sonrası regional sülh və yenidənqurma səyləri də gündəmin əsas mövzusu olub.