XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov ilə Kaya Kallas arasında görüş olub FOTO

Bu barədə Xarici İşlər Nazirliyi xəbər verir YENİLƏNİB

Ceyhun Bayramov ilə Kaya Kallas arasında görüş olub FOTO
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 16:20

    Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Aİ arasında əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti, inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, iqlim dəyişmələri ilə mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

    Bununla yanaşı, görüş zamanı tərəflər Azərbaycan ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək tədbirlərin, o cümlədən yüksəksəviyyəli səfərlərin və qarşılıqlı faydalı təşəbbüslər barədə fikir mübadiləsi aparıb, həmçinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların mövcud reallıqlar nəzərə alınmaqla, davam etdirilməsinin önəmini vurğulayıb.

    Ceyhun Bayramov Azərbaycanın hər zaman Aİ ölkələri ilə bir-birinin legitim maraqlarının, prioritet məsələlərinin və mövcud reallıqların nəzərə alındığı və hörmət bəslənildiyi bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.

    Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.

    Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulanaraq, ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də yaşıl enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

    Görüşdə tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

    ***

    12:55

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qarşılayıb.

    Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

    Tərəflər arasında ikitərəfli görüş başlayıb.

    Geniştərkibli görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari işləri və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, eləcə də Azərbaycanın regional əlaqə və təmiz enerji təchizatına töhfəsi müzakirə edilib.

    Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də müzakirə olunub.

    Nazir Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəlişin sülh sazişinin imzalanması üçün ilkin şərt olması barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha vurğulayıb.