XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir

Bu barədə XİN məlumat yayıb YENİLƏNİB/FOTO

Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir
  • Oxuma müddəti:

    10 dəqiqə

  • 15:06

    Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.

    Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Serqi Sibiqanın əsas bəyanatları:

    • Azərbaycan güclü və dinamik inkişaf edən, regional proseslərdə mühüm rol oynayan ölkədir.
    • Müharibəyə son qoymaq üçün beynəlxalq səylərdə Azərbaycanın iştirakı və səsi son dərəcə vacibdir.
    • Bakı ilə Kiyev arasında ikitərəfli əlaqələr strateji xarakter daşıyır.
      Söhbət enerji, infrastruktur layihələri, humanitar əməkdaşlıq və gələcək qarşılıqlı fəaliyyət perspektivlərindən gedir.
    • Azərbaycan biznesi Ukraynada həmişə fəal iştirak edib və Kiyev onun fəaliyyətinin daha da genişlənməsini alqışlayardı.
    • Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq.
    • Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bütün Avropa üçün strateji əhəmiyyətə malikdir.
    • Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq qarşılıqlı faydalıdır və hər iki ölkəni gücləndirir - həm təhlükəsizlik, həm də enerji sahəsində.
    • Orta dəhliz önəmli əhəmiyyət daşıyır.
    • Azərbaycan Ukraynanın Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə qarşılıqlı fəaliyyətində mühüm rol oynayır.
    • Tərəflər artıq əməkdaşlığın dərinləşdirilməsi və ticarət yollarının inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov: Lazım gələrsə, Azərbaycan Ukraynanı qazla təmin etməyə hazırdır.

    Əsas bəyanatlar:

    • Bakı Ukraynaya təbii qaz ixrac etmək imkanına icazə verir və eyni zamanda regionun enerji dayanıqlığını artırmaq üçün Ukraynanın yeraltı anbarlarından istifadəni nəzərdən keçirir.
    • Dövlət neft və qaz şirkəti SOCAR uzun müddətdir ki, Ukrayna bazarında fəaldır, iştirakını genişləndirməyə davam edir və enerji sektorunda əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
    • Azərbaycan Avropanın enerji təchizatı sistemində əsas mövqe tutur: ölkə 10 Aİ ölkəsi də daxil olmaqla 12 Avropa ölkəsinə qaz ixrac edir.
    • Əməkdaşlığın perspektivli sahələrindən biri daha geniş regionda enerji təhlükəsizliyini artırmaq üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə ola bilər.
    • Hər iki tərəf enerji sektorunda yeni qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəlmiş intensiv dialoq aparır.

    ***

    15:03

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində (XİN) arxiv sənədlərlə tanış olub.

    Bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

    Qeyd olunub ki, sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin 1918–1920-ci illərdə Azərbaycan ilə Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.

    Nazirə təqdim olunan materiallar sırasında həmin dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.

    ***

    13:07

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrpendə akademik Zərifə Əliyeva adına parkı ziyarət edib.

    Azərbaycan nümayəndə heyətini Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko və İrpen şəhərinin rəhbərliyi müşayiət edib.

    Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş İrpen Şəhər Mərkəzi Poliklinikasına baş çəkib.

    Nazir Ceyhun Bayramova məlumat verilib ki, Azərbaycan hökumətinin yardımı ilə İrpendə fəal hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası tez bir zamanda başa çatdırılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. Bu tibb müəssisəsi Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan “SOCAR Ukraine” şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Poliklinikanın fasadı və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb. Eyni zamanda, obyektin zirzəmisində tamamilə yeni sığınacaq tikilib.

    Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinə gəlib. Zərifə xanım Əliyevanın adını daşıyan muzeylə tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə məktəb qısa zamanda əsaslı təmir edilib.

    Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.

    Ceyhun Bayramov daha sonra Azərbaycan hökuməti tərəfindən planlaşdırılan yenidənqurma layihələri ilə tanış olub. Qeyd edilib ki, Azərbaycan dövləti İrpendə daha dörd irimiqyaslı yenidənqurma layihəsi həyata keçirməyi planlaşdırır.

    ***

    11:18

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialına gül dəstəsi qoyub.

    Xatirə şəkli çəkildikdən sonra Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib.

    Sonra nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

    Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

    Sonra Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransı keçirib.

    Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir.

    Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

    "Enerji əməkdaşlığından danışarkən, ilk növbədə, qeyd etmək istərdim ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir və inanırıq ki, şirkətin gələcək üçün böyük planları var”, - deyə Ceyhun Bayramov əlavə edib.

    Nazir deyib ki, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində, eləcə də nümayəndə heyətləri, həmkarlar arasında yeni dinamika, enerji sahəsində əməkdaşlığın əlavə elementləri barədə çox dinamik və fəal dialoq aparılıb.

    C.Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir.

    "Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanı da mövcuddur”, - deyə Ceyhun Bayramov əlavə edib.

    ***

    Azərbaycan inkişaf edən və əhəmiyyətli regional rolunu nümayiş etdirən güclü dövlətdir. Azərbaycanın müharibənin dayandırılması səylərində həm iştirakı, həm də səsi son dərəcədə mühümdür

    Bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

    Azərbaycanın və Ukraynanın həm də strateji tərəfdaşlar olduğunu deyən nazir qeyd edib: “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”.

    ***

    11:09

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

    "Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxıblar", - məlumatda bildirilir.

    ***

    08:17

    Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

    Bu barədə XİN məlumat yayıb.

    Bayramovu Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

    Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

    Bundan başqa, Ceyhun Bayramovun digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.