Çində robotlar arasında basketbol yarışı keçiriləcək
Yarışda müxtəlif ölkələrindən şirkətlər, universitetlər və tədqiqat mərkəzləri öz hazırladıqları humanoid robotlarla iştirak edə biləcəklər
Çinin Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərində gələn ilin aprel ayında humanoid robotlar arasında basketbol turniri keçiriləcək.
“China Daily” gündəlik qəzeti xəbər verir ki, yarışda dünyanın müxtəlif ölkələrindən şirkətlər, universitetlər və tədqiqat mərkəzləri öz hazırladıqları humanoid robotlarla iştirak edə biləcəklər.
Yarış zamanı robotlar driblinq, ötürmə, cərimə atışları və üçxallıq atışlar üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Robotlar topun sürətli hərəkətinə uyğun olaraq tez qərar verməli və hərəkət etməlidirlər.
Bildirilib ki, yarışın əsas məqsədlərindən biri humanoid robot texnologiyalarının inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığa təkan verməkdir.
Qeyd edək ki, hazırda Quanqdonq əyalətindəki istehsal müəssisələrində 2 mindən çox humanoid robot fəaliyyət göstərir. İlin sonunadək onların sayının 3 mini keçəcəyi gözlənilir.
1 dəqiqə