“COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək”
Bakıda COP29 ərəfəsində 29-cu Ali Səviyyəli Toplantı keçirilir
Bakıda “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantı keçirilir.
Toplantının açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos iştirak edir.
Bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib ki, COP29 Sədrliyi olaraq bizim bütün fikirləri eşitməyimiz, konsensus əsasında qurulmuş proqram hazırlamağımız və iqlimlə bağlı fəaliyyət üçün hər kəsi gücləndirən ortaq həllər tapmağımız vacibdir.
"Keçən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb.
Biz bütün maraqlı tərəflərin ümumi iqlim problemimizin təsirlərini həll etmək üçün birgə işləmək öhdəliyini gördük. Petersberq İqlim Dialoqu zamanı biz COP29 üçün - ambisiyaları artırmaq və fəaliyyətə imkan yaratmaq üçün vizyonu müəyyən etdik və indi biz geniş plandan daha spesifik yollara keçməyə hazırıq.
Biz bütün tərəflərə öz ambisiyalarını milli iqlim fəaliyyət planları, milli uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə yüksəltmək üçün dəstəkləməyə çalışırıq. Azərbaycan öz səylərini gücləndirir və biz davam edən substantiv müzakirələri dəstəkləmək üçün siyasi iştirakın inteqrasiyasına sadiqik. Həmrəylik içində irəliləmək, hamımızın bölüşmək istədiyimiz gələcəyi dəstəkləmək vaxtıdır",- deyə M.Babayev bildirib.
BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa isə “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda bildirib ki, COP29-un uğuru bütün dünya üçün bir uğurdur. Xüsusən də yaşadığımız iqlim fəlakətinin qurbanları haqqında düşünəndə bu özünü göstərir. Çünki iqlim böhranının qurbanları hər dəqiqə artır.
"Biz səylərimizi, intellektimizi ən böyük ambisiya və ortaq məsuliyyətlə bir araya gətirməyi borcluyuq. Düşünürəm ki, biz hamımız COP-un uğurunda şərikik. Biz öyrənmək, dinləmək, iqlim dəyişikliyi ilə bağlı intellektual müzakirələri gücləndirmək üçün buradayıq. Həm də biz COP 29 uğurunun bir hissəsi olmaq istəyirik.
COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, əvvəldə qeyd etdiyim kimi, o, təkcə tərəflərin konfransına deyil, həm də çoxtərəfli sistemə inam, legitimlik yaradacaq",- deyə o bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Nüvə Elmləri və Tətbiqləri Bölməsinin rəhbəri Najat Mokhtar “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı əlavə edib ki, elm, texnologiya və innovasiya, iqlim problemlərini həll etmək və davamlı gələcəyə töhfə vermək üçün əhəmiyyətlidir.
"Ən son elmi hesabatlar göstərir ki, dünya demək olar ki, bütün dayanıqlı inkişaf məqsədlərini təhlükə altına alaraq iqlim hədəflərinə çatmaqda acizdir.
“İqlim dəyişikliyi sağlamlıq və qida sistemlərimizdən tutmuş iqtisadiyyatımıza və ətraf mühitə qədər həyatımızın hər sahəsinə toxunan problemdir. Bununla belə, bu problemin içərisində insan ixtirasının və texnoloji innovasiyaların gücü ilə idarə olunan görünməmiş bir fürsət var",- deyə o bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda milyonlarla insanın quraqlıqdan, kəskin temperatur artımından əziyyət çəkdiyini vurğulayıb.
“İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi vəba, və malyariya kimi xəstəliklərin yayılmasına təkan verir.
İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər”,- deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.