Culian Assanj AŞPA komitəsi qarşısında ifadə verəcək
“Wikileaks” saytı bu barədə özünün sosial media platformasında məlumat yayıb
“Wikileaks” saytının təsisçisi Culian Assanj oktyabrın 1-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində ifadə verəcək. Bu, onun həbsdən azad edildikdən sonra ilk ictimai çıxışı olacaq.
“Wikileaks” saytı bu barədə özünün sosial media platformasında məlumat yayıb.
Komitənin iclası yerli vaxtla saat 08:30-dan 10:00-dək davam edəcək. Culian Assanj həbsdən çıxdıqdan sonra sağlamlığının bərpasını davam etdirsə də, “dəvətin eksklüziv xarakteri” səbəbindən sessiyaya şəxsən qatılacaq.
Qeyd edək ki, bir müddət öncə Culian Assanj ABŞ-ın hakimiyyət orqanlarının tələbi ilə təqsirini qismən etiraf etməyə razı olub. Bu etiraf ona beş il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra iyunun 24-də Böyük Britaniya həbsxanasından azadlığa çıxmağa imkan verib.
Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənmişdi. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs etmişdi.