BLOQ

Cümhuriyyət: Daxili işlər naziri Behbud xan Cavanşir

Araşdırma

Cümhuriyyət: Daxili işlər naziri Behbud xan Cavanşir
Behbud xan Cavanşir
  • Oxuma müddəti:

    23 dəqiqə

  • Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğludur. O, 1877-ci ildə Tərtər qəzasının (Sovet dövründə Mirbəşir rayonu adlanırdı - müəllif) Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Çar Rusiyası XIX əsrin əvvəllərində Qarabağ xanlığını işğal etdikdən və İbrahim xanın (Pənahəli xanın oğlu) nəslindən olanlara mənfi münasibət göstərdiyindən, onların Şuşada yaşaması da qeyri-mümkün olurdu.
     
    B.Cavanşir 1890-cı ildə Tiflisdə alman dili təmayüllü realnı məktəbə daxil olmuşdur. Burada o, sonradan 26 Bakı komissarlarına başçılıq etmiş, 1918-ci ilin 31 mart soyqırımında dinc müsəlman əhaliyə zorakılıqlar törətmiş S.Şaumyanla səkkiz ilə yaxın bir yerdə təhsil almışdır. B.Cavanşir Tiflisdə realnı məktəbi başa vurduqdan sonra Almaniyanın Freyburq şəhərinə getmiş və burada dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında təhsil almışdır. Qeyd edək ki, o, bu akademiyanın ilk azərbaycanlı məzunu sayılır.
     
    Almaniyada təhsilini bitirdikdən sonra B.Cavanşir İngiltərəyə − Londona getmiş, burada ingilis dilində təkmilləşdirmə kursları keçdikdən sonra 1907-ci ildə Bakıya qayıtmışdır.Mükəmməl təhsil alan B.Cavanşirin alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilməsi haqqında məlumatlar vardır. 
     
    B.Cavanşir Bakıya qayıtdıqdan sonra Şibayevin neft mədənlərində işləməyə başladı. O, bu dövrdə ictimai fəaliyyətini də genişləndirirdi. Milyonçu H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilir, Rusiyada və Avropada təhsil alan bir neçə azərbaycanlı gəncə təqaüd verir, bəzi qəzetlərə də yardımlar edirdi.
     
    Qeyd edək ki, B.Cavanşir yüksək savada malik sənaye mütəxəssisi idi. Onun çar Rusiyası dövründə aksiyalara malik olması və bu baxımdan neft sənayeçiləri arasında yaxşı tanındığı qeyd olunmaqdadır. O, dəfələrlə neft sənayeçiləri qurultayının icraiyyə komitəsinin sədri seçilmişdir.
     
    B.Cavanşir 1917-ci ilin Fevral-burjua inqilabından sonra yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir (10, s. 66).
     
    1918-ci ildə Bakıda baş verən Mart soyqırımının qarşısının alınmasında B.Cavanşir böyük səylər göstərmiş və  O, həm də yaradılmış barışıq komitəsinin üzvü idi. 
     
    B.Cavanşir 1918-ci ilin iyunun 17-də F.X.Xoyskinin yaratdığı Hökumət kabinəsində Daxili İşlər Naziri vəzifəsini icra etmişdir. O, bu sahədə də ciddi işlər görmüşdür. Həmin dövrdə onun təşəbbüsü ilə neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi.
     
    Qeyd etdiyimiz kimi, B.Cavanşir Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri olarkən ölkədə vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan hökuməti Gəncədə yerləşirdi və Bakıya daxil olmaq qeyri-mümkün idi. Gəncədə yerləşən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə ağır danışıqlar gedirdi. Azərbaycanın istiqlalı M.Ə.Rəsulzadənin fikrincə, sözlə elan edilsə də, reallaşmaq imkanı çox mürəkkəb idi. Əsas problemlərdən biri − Bakının alınması və hökumətin orada fəaliyyətə başlaması idi.
     
    Belə  vəziyyətdə ölkədə ictimai asayişi qorumaq, qayda-qanun, intizam yaratmaq tələb olunurdu. Bu gerçəkliyi əsas götürən F.X.Xoyski hökuməti ciddi qərar qəbul etmək məcburiyyətində qalmışdı. 1918-ci ilin iyunun 23-də Nazirlər Şurasının sədri F.X.Xoyskinin və Daxili İşlər naziri B.Cavanşirin imzaladığı qərarla ölkədə hərbi vəziyyət  elan edildi. Azərbaycanın Daxili İşlər naziri olan B.Cavanşir Nuru Paşa ilə razılaşma əsasında bu qərarı həyata keçirmək məcburiyyətində idi. 
    1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildikdə B.Cavanşir  Daxili İşlər naziri vəzifəsini icra edirdi. Bu, çox ağır bir dövr idi. O, qısa bir müddətdə Bakı şəhərində qayda-qanun yaradılmasında, ictimai asayişin qorunmasında mühüm tədbirlər gördü.
     
    1918-ci ilin sentyabrın 18-dən Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı. B.Cavanşirin başçılıq etdiyi Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat Muzeyinin binası) yerləşirdi. O, Daxili İşlər Naziri olarkən İçərişəhərdə Polis müdavimləri hazırlayan məktəb açdırır və burada 1200-ə qədər müdavimin təhsil alacağını planlaşdırır.
     
    Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II Hökumət kabinəsində (17.06.1918 − 07.12.1918) bitərəf olaraq Daxili İşlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, eyni zamanda Ticarət, Sənaye və Daxili İşlər naziri olaraq da fəaliyyət göstərmişdir. Yəni əslində iki nazirliyin işini o, 1918-ci ilin 26 dekabrına qədər yerinə yetirmişdir.
     
    B.Cavanşir bu vəzifələrdə olarkən Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmışdır. 
     
    1918-ci ilin noyabrın 28-də Azərbaycan Cümhuriyyəti hökuməti ilə Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası arasında tarixi müqavilə bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti adından Ticarət və Sənaye naziri Behbud xan Cavanşir və Maliyyə naziri Məhəmməd Həsən Hacınski, Dağlı Xalqları Respublikası tərəfdən Bahadur bəy Molaçixan və İbrahim bəy Heydərov imzalamışdı. 
     
    B.Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi. Onun  Ticarət və Sənaye Naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həmin müqaviləni Azərbaycan hökuməti tərəfindən B.Cavanşir, Gürcüstan hökuməti adından isə Azərbaycanda Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karcivadze imzalamışdılar. 
     
    1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başlayır. B.Cavanşir də parlamentin üzvü oldu. O, parlamentdə bitərəflər fraksiyasında təmsil olunurdu. 1919-cu ilin oktyabrında həmin fraksiyada parçalanma olduğundan Behbud xan Cavanşir, Bəhram Axundov və Əbdüləli bəy Əmircanov müstəqil bitərəflər qrupu yaratdılar. 
     
    B. Cavanşirin parlamentdəki çıxışlarına ən çox 1919-cu ildəki iclaslarda rast gəlmək mümkündür. Onun 1919-cu ilin 18 oktyabrında parlamentin 85-ci iclasındakı yürütdüyü fikirlər çox önəmlidir.
     
    Parlamentdə “Gömrük idarələrindən alınan vergilər barəsində”, Maliyyə Naziri hüququnun genişləndirilməsi haqqında” 11-ci məsələ olaraq müzakirə edilirdi. Bu haqda ilk məlumatı M.Hacınski izah etdikdən sonra Ə.Cövdət bəy əlavə fikrini bildirdi. Sonra söz B.Cavanşirə verildi. 
     
    B.Cavanşir izahdan sonra fikrini belə yekunlaşdırdı ki, “idxalata gömrük qoyulmasın ki, mal ucuz olsun və camaat ondan faydalansın”.
     
    1919-cu ilin noyabrın 10-da Azərbaycan Parlamentinin 96-cı iclası keçirildi. İclasda dinlənilən məsələlərdən biri də “Etimadnamə Komissiyasının məruzəsi”idi (məruzəçi Rüstəmbəyli − müəllif). Onun çıxışından sonra Ə.Qarayev, S.M.Qənizadə, M.Ə.Rəsulzadə, Ə.C.Pepinov, Kravçenko, M.Mahmudov, M.Şeyxzamanov çıxış etdilər. Təklif  səsə qoyulsa da, qəbul olunmadı. Belə olduqda B.Cavanşir çıxış edərək dedi: “Əfəndilər, burada Əhməd bəy dedi ki, hərə cürbəcür adam tərəfindən qol çəkilibdir. Orada milli komitə yoxdur, bir cəmiyyət vardı ki, kasıblara kömək edirdi, ondan sonra Şeyxzamanov buyurdu ki, Zəngəzur belə gəldi, belə getdi, əvvəlinci gündən ki, biz Gəncədə idik, Dondarlı və Zəngilan bir yerdə idilər. O vaxt da Dondarlı gəlib iştirak edibdir və öz seçkilərində bir nəfər yüzbaşı Parlament üzvlüyünə qəbul göndərmişlərdi. Buraya gələndə o adam İttihad firqəsinə daxil olmuş və sədrimiz izahat veribdir ki, bu seçki düz deyil, o gərək öz yerində təhqiq olunsun”.
     
    Sonra B.Cavanşir belə təklif etdi ki, parlamentə üzvün ya xalq, ya da yerli komitələr tərəfindən seçilməsi aydınlaşmalıdır ki, əziyyət çəkilməsin.
     
    Parlamentin 1919-cu ilin 27 noyabrında keçirilən 101-ci iclasında 600 milyonluq “emissiya məsələsi” ilə məsələnin müzakirəsi davam etdirildi. Əsas məruzəçi S.Ağamalıoğlu olmadığından, Y.Əhmədzadə məruzə etdi. Onun məruzəsindən sonra ilk olaraq Q.Qarabəyli, Malxazov, S.Ağamalıoğlu (o, sonradan iclasa gəlib − red.), Ə.Cövdət, M.Əfəndizadə, M.Ə.Rəsulzadə çıxış etdilər. 
     
    B.Cavanşir çıxışında ölkənin idarə olunması üçün təcrübəli adamların önə çəkilməsini əsas sayırdı. O, vacib bir məqamı da vurğulayırdı: “Məmləkətin xəzinəsini saxlamaq bir şəxsin öz evini saxlaması kimidir”.
     
    B.Cavanşir çıxışında ölkəyə müxtəlif səbəblərdən gəlib məskunlaşmış insanlardan, onların dövlətə fayda verməsi vacibliyindən danışırdı: “Buraya hər tərəfdən qaçıb gələnlər, məsələn Denikindən, bolşevikdən qaçmışlar, ticarət ilə çalışırlar. Onlar nə əskər verirlər, nə də məmləkət ilə bir əlaqələri vardır. Onların fikirləri cürbəcür pisliklər ilə məmləkəti batırmaq və nəticədə əzməkdir. Vaxta ki siz bizim içimizdə olursunuz, bolşevikdən, menşevikdən qaçıb, burada yaşayırsınız, heç olmazsa bizə kömək ediniz. Onun bir azını da bizə veriniz”. 
     
    B.Cavanşir hökumətdə tutduğu  vəzifələrdən uzaqlaşdıqdan sonra da əsas fəaliyyətini parlamentdə davam etdirdi. Eyni zamanda o, 1919-cu ilin iyulun 18-də “Dəyanət” kommersiya şirkəti açdı və xarici ticarətlə məşğul oldu.
     
    B.Cavanşir təhsil aldığı Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkinçilikdə istifadə etmişdi. Maraqlıdır ki, Qarabağa ilk avtomobili gətirən və bu bölgənin yollarını abadlaşdıran da B.Cavanşir olmuşdur. 
     
    1918-1920-ci illərdə Bakıda təntənəli “Azərbaycan gecələri” konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır. 
     
    Bəzi araşdırmalarda B.Cavanşirin də M.Hacınski ilə birlikdə Sovet Rusiyası ilə yaxınlaşmaq, diplomatik münasibətlər qurmaq cəhdləri qeyd olunur.
     
    1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra peşəkar mühəndis kimi tanınan və xariclə güclü əlaqələri olan B.Cavanşir neft sənayesi sahəsində çalışmışdır. Həmin ilin sonunda N.Nərimanov onu müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərdi. B.Cavanşir yolüstü İstanbulda həmyerlisi Ə.Ağaoğlunun evində qaldı. Bir gecə küçə ilə gedərkən arxadan Daşnaksütun partiyasının üzvü Torlakyan tərəfindən atılan güllə ilə qətlə yetirildi.
     
    Tanınmış tədqiqatçı V.Quliyevin “Ağaoğlular” kitabında həmin hadisəni Əhməd bəyin qızı Sürəyya xanım belə təsvir edir: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın Daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir bəy xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib “Pere Palas” mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.
     
    B.Cavanşirin qətli ilə bağlı aparılan məhkəmə prosesindən aydın olur ki, o, İstanbula 1921-ci ilin iyun ayının 25-də həyat yoldaşı Tamara Velkonskaya (o, rus xanımı idi), qardaşları Surxay və Cəmşidlə birlikdə gəlmişdir. B.Cavanşirin həyat yoldaşının məhkəmədəki ifadələrindən məlum olur ki, qatili gördükdə bir neçə gün əvvəl onunla Təpəbaşı baxçasında qarşılaşdıqları yadına düşür. Məlum olur ki, erməni terrorçu onları izləyirmiş.
     
    Hadisə baş verən günü, 1921-ci ilin iyulun 18-də axşam saat 23-də B.Cavanşir, həyat yoldaşı və qardaşları ilə birlikdə “Təpəbaşı” teatrından çıxıb, “Pere Palas” otelinə gedirmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşıb tapança ilə Cavanşirə üç  güllə atıb. B.Cavanşir arxaya dönüb və qatilə doğru irəliləsə də, aldığı yaralardan yerə yıxılıb. B.Cavanşirin qardaşı Cəmşid qatili tutmuş, ona atılan güllə ilə sol qaşını yaralayıb. B.Cavanşirin digər qardaşı Surxay və xanımı qatilin üstünə atılmış, onu zərərsizləşdirmişlər. Sonra qatil güllə səsini eşidib gələn polislərə təhvil verilmişdir.
     
    B.Cavanşiri yaxınlıqdakı ingilis xəstəxanasına aparsalar da, onu sağaltmaq mümkün olmayıb və 35 dəqiqə sonra dünyasını dəyişib.
     
    Hadisədən sonra ağır məhkəmə prosesi başladı. Bu cinayətə dəstək verən erməni dairələri qəzetlərdə elan verərək şahidlər toplamağa çalışdılar.
     
    O dövrdə İstanbul İngilis işğal nəzarəti bölgəsi sayıldığından, məhkəmə prosesini də onlar aparırdı. Prosesdə ingilis prokuroru Rickatson  tərəfsizliyini qoruyub saxlasa da, onu uzaqlaşdırıb yerinə  Çribbonu təyin etdilər.M.Torlakyanın əsas vəkilləri Türkiyə erməniləri olan Xosrovyan və sabiq Sivas vəkili Barsamyan idi. B.Cavanşir ailəsini vəkil Heydər Rifət bəy müdafiə edirdi.
     
    Erməni vəkilləri hər üsuldan istifadə edərək, cinayətkara haqq qazandırmağa çalışırdılar. Bir təqdimatda onun bu cinayəti törədərkən “şüurunun yerində olmaması faktı”nı irəli sürsələr də, Doktor Məzhər Osmanın başçılığındakı həkim heyəti bunu təsdiqləmədi.
     
    Sonradan həkimlərin rəyini “tərəfkeşlik edilib” adı ilə məhkəmə qəbul etmədi, qatilin müayinəsini ingilis həkiminə tapşırdılar.
     
    Bu uydurma rəy əsasında M.Torlakyan İngilis işğal məhkəməsi tərəfindən bəraət aldı. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni Patriarxlığına təslim edildi, tez zamanda gəmi ilə Yunanıstanın  Pire şəhərinə göndərildi. Yunanıstandan isə onun ABŞ-a getdiyi qeyd  olunmaqdadır. Araşdırılan sənədlərdən onun Trabzonda doğulduğu və burada Darülmüəllimdə təhsil aldığı, sonra ailəsi ilə Rusiyaya getdiyi, erməni ordusuna da könüllü olaraq yazıldığı bildirilir.
     
    Məhkəmədə şahid qismində ilk olaraq B.Cavanşirin qardaşı Cəmşid, sonra xəstəxananın həkimi C.Hil, xanımı Tamara Velkonskaya, Qalatasaray Mərkəz Polis bölməsinə mənsub 250 saylı türk polis məmuru Əli Əfəndi çıxış etdilər. 
     
    Şahid qismində məhkəmədə çıxış edən Azərbaycan Parlamentinin sabiq üzvü, “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli bu sözləri dedi: “Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf məsləki ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir millətpərvər olaraq Azərbaycan siyasəti və milli məsələlərə qoşuldu. Azərbaycan hökuməti təşəkkül etməzdən öncə özü  Müsavat Partiyasına mənsub idi. Azərbaycan Mərkəzi Komitəsinin üzvü olan Behbud xan Cavanşir Mərkəzi Milli Komitənin də üzvlərindən idi. Müsəlman və ermənilər arasında olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Cavanşir Müsavat Partiyasının ancaq sıravi bir üzvü idi və zənginliyinə baxmayaraq, bu partiyada çox böyük nüfuz sahibi deyildi. Cavanşir çox sülhpərvər olub, ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvü olaraq Gəncə və Qarabağa getdi və erməni-müsəlman münaqişəsini sülh yolu ilə həll etməyə məmur oldu. Cavanşirin Bakı erməniləri arasında da bir xeyli dostu var idi. İlk təşəkkül edən Azərbaycan hökumətində Daxili İşlər naziri olmuşdur. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Behbud xan Cavanşirin nazirliyi dövründə Ermənistanın heç bir tərəfində milli iğtişaşlar olmamışdır. Azərbaycan və Türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya gəldikdən sonra Behbud xanın əmrləri və  tədbirləri sayəsində Bakıda asayiş və intizam bərpa olundu və heç bir nümayiş olmadı”.
     
    Məhkəmədə çıxış edən erməni şahidləri isə B.Cavanşirin ünvanına “şər və böhtan” ifadələri işlədir, onu ermənilərin qətlində günahkar sayır, Bakı alınarkən üç minə qədər erməninin öldürülməsində onun əli olduğunu qeyd edirdilər.
     
    Erməni şahidləri məhkəmə prosesində bütün şantaj vasitələrindən istifadə edirdilər. Onlar 1918-ci ilin sentyabrın 15-də Bakı azad edilərkən F.X.Xoyski və B.Cavanşirin əhaliyə müraciətlə yazdıqları bəyannaməni sanki ermənilərin qətlinə başlanması sənədi kimi təqdim edirdilər. Həmin sənədin qəzetdə yayımlanan bir müraciət olduğunu çıxışında bildirən Ş.Rüstəmbəyli belə izahat vermişdi: “Bu əmrnamədə bəzi məsuliyyətsiz şəxslərin soyqun və qəsblərə yol verdiyini, onların hərbi məhkəmələrdə cəzalandırılmasını bildirirdi”.
     
    Digər erməni şahidi (Təhməzyan) isə əslən Trabzonlu olduğunu, 1916-cı ildə Bakıya getdiyini, Bakı azad olunarkən B.Cavanşirin və F.X.Xoyskinin verdiyi bəyannamədə ermənilərdən başqa “hər kəsin işi-gücü ilə” məşğul ola biləcəyinin qeyd olunduğunu, ermənilərin bundan qorxub küçələrə çıxa bilmədiyini söylədi.
     
    Məhkəmədə ifadə verən Kirkor Əmiryan da 1918-ci ilin sentyabrın 15-də Bakının azad olunmasından sonra ermənilərin F.X.Xoyski və B.Cavanşirin göstərişi ilə qətl edildiyini söylədi və həqiqətə uyğun olmayan ifadələr verdi.
     
    Pavel Teyğan adlı bir erməni (özünü həm də rusiyalı zabit kimi təqdim edir) də 1918-ci ildə Bakıda olduğunu, Behbud xanın “qətliamlar”da məsuliyyət daşıdığını bildirdi.
     
    Digər şahid olaraq ifadə verən xanım Arus Xandanyan isə “yetimlərinin” B.Cavanşir tərəfindən qətl edildiyini, ondan bunun cavabını soruşduqda, köməkçilərindən birinə onu döyməyi əmr etdiyini söylədi.
     
    Erməni şahidlərin bu yalan ifadələrinə baxmayaraq, B.Cavanşirin rus millətindən olan həyat yoldaşı Tamara Velkonskayanın məhkəmədə bu sözləri də eşidildi: “Həyat yoldaşım daima Azərbaycan müsəlmanları ilə ermənilər arasında sülh və barışığın təmin və təsisinə çalışırdı. Həyat yoldaşım heç bir zaman nə erməni qətliamlarında iştirak etmiş, nə də bu kimi qətliamlarda məsul olmuşdur. 1918-ci ilin martından, yəni Bakıdan çıxdıqdan sonra həyat yoldaşım təhlükədə olduğunu, erməni qətliamlarından məsul və ya qeyri-məsul  olması dolayısı ilə deyil, fəqət müsəlman olduğu cəhəti ilə ermənilər tərəfindən haqqında nifrət yarandığını bilirdi”.
     
    Həmin məhkəmədə Ə.Ağaoğlunun qızı, məhkəmədə vəkillik edən Heydər Rifət bəyin katibəsi, sonradan Türkiyədə tanınmış hüquqşünas −vəkil olan Sürəyya Ağaoğlu da iştirak edirdi. Şahidlərdən Qacar nəslindən olan Ziba xanım, Qara Ağazadə, Əhməd Həmdi Qarağazadə, Yusif bəy Qasımov ifadələrində ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilikləri qeyd etdilər.
     
    B.Cavanşirin ölümündən sonra qardaşları  Cəmşid və Surxay Türkiyədə qalıb yaşadılar, Azərbaycana qayıtmadılar. Həyat yoldaşı Tamara Velkonskaya isə Rusiyaya qayıdıb, ömrünün sonunadək ailə qurmadan Moskvada tənha yaşayırdı.
     
    Sovet rejimi dövründə B.Cavanşirin Azərbaycanda yaşayan qohumlarını təqib etdilər, sürgünə göndərdilər. Onun bacısı oğlu Ənvər Cavanşir 1948-ci ildə sürgündən qayıdarkən Moskvada yaşayan B.Cavanşirin həyat yoldaşı Tamara xanımla görüşdü. Ondan “Nə üçün yenidən ailə qurub yaşamadınız?” sualına Tamara xanım belə cavab vermişdi: “Behbud xan kimi bir insanı tapmaq qeyri-mümkündür”.