Cüt ördəklər
Həqiqəti bilmək istəyirsənsə, gərək qədim Roma tarixçisi Plutarxın “Əkiz, qoşa bioqrafiyalar” teoremasını yaxşıca mənimsəyəsən
Qədim Roma tarixçisi Plutarxa görə, bütün hadisələr, bioqrafiyalar tək nüsxədə deyil, cüt haldadır. Bu cüt qoşanı nərd oyunundakı kimi barmaqlarının, qələminin ucunda cütlədinsə, vəssalam. Simsim mağarasını açacaq sehrli çubuq yiyəsisən.
Lusi Mestri Plutarx, misal üçün, Qay Yuli Sezarın həyat gündəliyini digər bir başqa cahangirin -makedoniyalı İskəndərin ömür bioqrafiyası ilə birgə öyrənib. Qələminin ucunda hər iki cahangirin həyatını cütləyib.
Plutarx, yadda saxlayın, tarixşünaslıq elimində ən tanınmış bioqrafdır. Janrın banisidir. Psixoloji portretlər janrının ilk və son qaranquşudur.
Plutarxın “Psixoloji portretlər” silahı ABŞ Dövlət Departamentində indi də işləkdir.
Davamçısı, doktor Cerald Post, -diqqət!-Ağ Evdə insan psixologiyası üzrə aparıcı mütəxəssisdir. Dövlət sifarişləri əsasında xarici ölkə başçılarının psixoloji portretini ilk olaraq o yaradır. Sonra bu qalın dosyeləri ötürür dövlət başçılarının masası üzərinə. 20 ildən çox müddətdə o, Mərkəzi Kəşfiyyat İdarəsində “Psixoloji portret” şöbəsinə başçılıq edib. Səddam Hüseyn rejimi ilə ilk sürtüşmə yarandığı vaxt ABŞ rəhbərləri yenə də öz turşumuş sifətlərini Cerald Posta tərəf çevirirlər. Lal baxışları ilə deyirlər: “Nə edək ey, bu Səddama qarşı?”.
Cerald Post, cavabında: “Səddamı taxtan salmağın qədim bir üsulu var. Gərək Səddamın başına az məbləğdə pul mükafatı təyin edək. Tutaq ki, yüz min, iki yüz min dollar. Bu, onu öz ölkəsində xeyli hörmətdən salacaq”, -deyir.
Təklif özünü tam doğruldur.
Səddamın Ərəbistandakı reytinqi sürətlə aşağı yuvarlanır... yuvarlanır.. .Axır onun həbsi sonrakı vəhşi edamı ilə nəticələnir.
*
Düzü, bu müqayisəli araşdırmamda mən, doktor Cerald Postun yox… qədim Plutarxın üslubunu seçirəm. Qurbanlarımın başına pul mükafatı vəd etmirəm.
Sadəcə, Plutarxa söykənərək, qoşa götürürəm öz hədəflərimi.
Şahmat taxtamın hər iki tərəfinə iki at fiquru qoyuram. Biri ağ, digəri, zil qara. Biri guya çox mənalı, çox kölgəli fiqurdur. Digəri isə guya birmənalıdır, kölgəsiz, ləkəsizdir. Guya səmada parlayan 14 günlük aydır. Ancaq görünən tərəfi var, görünməyən tərəfi isə guya yoxdur.
Səbrinizi day çox imtahana çəkməyim. Keçirəm Plutarxsayağı müqayisələrə.
*
Əvvəla, hər iki şəxs eyni adi, çox yayğın Azərbaycan soyadını bölüşüblər - Hüseynov. Ancaq boz kütlədən seçiliblər - biri sonradan Azərbaycan SSR DTK-sinin sədri olub. Özü də, ay bərəkallah, gör hansı məqamlarda - 20 yanvar faciəsi dövründə.
Digəri isə sədr yox... sıravi olub.
*
Sovet tərəzilərinin çox bədii siması vardı. Hər iki tərəzi gözünün ucunda ördək təsviri görünürdü. Qırmızı rəngdə. Mənzərəyə kənardan baxanda, elə bilirdin, gözlərin önündə iki göl canlanır. Kənarında qırmızı dimdikli ördək üzür. Yaxınlaşıb dimdiklərini cütləmək istəyirlər. Dimdiklər qovuşunca, ördəklər öpüşüncə, vəssalam, sövdələşmə baş tuturdu. Malın dəqiq ölçü-çəkisi, maddi dəyəri bilinirdi.
İndi mən də tərəzi gözlərindəki iki qırmızı dimdikli ördəyi - Vaqif Hüseynovla Elmar Hüseynovu öpüşdürmək fikrindəyəm. Ördəkləri öpüşsə, dəqiq çəkiləri bilinəcək. Bazardakı qiymətləri axır öz son, net qiymətlərini alacaqdır.
*
Azərbaycan SSR DTK-nin sabiq sədri Vaqif Hüseynovla jurnalist Elmar Hüseynovun oxşar bioqrafiyaları Plutarx nəzəriyyəsini tam təsdiqləyir. İkisi də əvvəlcə əyalət jurnalisti olublar. Elmar Xalq Təsərrüfatı İnstitunu yarımçıq buraxaraq Rusiyaya gedib.
Komsomol tikintilərində ad qazanıb. Divar qazetlərini redəktə edib əvvəlcə. Sonra neyçünsə vətəninə qayıdıb. Yenidənqurma, Mütəllibov dövründə rusdilli mətbuatın iti süngüsünə çevrilib. Xalq Təsərrüfatı İnstitunda qazandığı təhsil təcrübəsini o, sonradan jurnalistikada uğurla davam etdirib. Marksizmin “Siyasi iqtisad” nəzəriyyəsi ilə gündəmə, siyasətə ötəri sığal çəkib.
Tərəzi gözündəki siyasi ördəklə iqtisadi ördəyi öpüşdürmək istəyib.
Aldığı qiymət, çəki göstəricilərini dəqiq bilib öz aləmində. Elə bilib ki, bu tarif rəqəmlərini, qiymətlərini bütün Azərbaycana sırıya bilər.
*
Digər Hüseynovun, yəni Vaqifin də qırmızı dimdikli ördəyi əvvəlcə əyalət, yəni Azərbaycan göllərində üzüb.
Sonra ümümittifaq sularında üzgüçülük istedadını, məharətini sərgiləyərək SSRİ İdman, Olimpiya komitəsində Xarici Əlaqələr şöbəsinə başçılıq edib bir müddət.
Vətəninə dönüncə öz tərəzisinə uyğun qırmızı dimdikli ördəklər axtarıb.
Tapıb.
Şəbəkəsini qurunca, yeni vəzifəyə - DTK-ya dəvət alıb.
*
Vaqif Hüseynovla Elmar Hüseynovun təkcə göydəki ulduzları sevişmirdi.
İdeoloji klişeləri, iqtisadi, siyasi üslubu, at gedişləri də eyniydi.
Mücərrəd danışmayaq. Keçək əyani vəsaitlərə.
19 mart 2004-cü ildə, Rusiya Federatsiyasının bir saylı “Nezavisimaya qazeta” səhifələrində Vaqif Hüseynovun “Əliyevdən sonra Əliyev” adlı geniş məqaləsi çap edilir.
Məqaləni bircə dəfə oxusanız, hər iki Hüseynovun çəkiclə, qələmlə eyni hədəfə, eyni dəmirçi zindanına döydüyünü görəcəksiniz.
Hər iki ördəyin dimdiyi burda “traybalizm”, yəni “yerliçilik” mövzusunda birləşir. Vaqif Hüseynov məqaləsində Azərbaycanı, politoloji dillə danışsaq, “fraqmentləşdirmək” istəyir. 7 fərqli, məhəlli güc mərkəzlərini sayır Azərbaycanda. Qeyd edir ki, Heydər Əliyev kənar - Gürcüstan, Ermənistan, Naxçıvan dəstələrini Azərbaycanda şişirdib. Təşkilatlandırıb. Silahlandırıb bir növ.
Sonra bu kənar ördəklərin köməyi ilə daxili, ənənəvi Azərbaycan “trayblarını” neytrallaşdırıb.
Məqalənin yazıldığı 19 mart 2004-cü il tarixi sizi aldatmasın.
Əslində, “Azərbaycanı defraqmentləşdirmək” layihəsini Vaqif Hüseynov çoxdan, hələ ötən yüz ilin 80-ci illərindən hazırlayıb. Bu layihəsi ilə, bəzi antiheydər Moskva qartallarının diqqətini özünə yönəltməyi bacarıb. Yaxşı bilib - Moskva Bakıda mütləq bir antiheydərçi axtaracaq.
İcraçısı olduğu antiheydər layihəsi məxfi dosyelərdə elə “Azərbaycanın fraqmentləşdirilməyi” də adlanıb, məncə.
Postheydər dövründən - 1983-cü ildən 1992-ci ilə qədər, Azərbaycanda gizlincə reallaşdırılıb.
Sonralar “Rusiya Qara dəniz-Xəzər hövzəsi” Strateji Araşdırmalar Fondunun ixtiyarına ötürülüb.
Layihə, bu gün də saman altından su buraxır Xəzər hövzəsinə.
Fondun saytına baxın - Azərbaycandakı etniklər bu saytın bir saylı hədəfidir. Milli azlıqların, o cümlədən ermənilərin maraqları... Qafqazdilli, farsdilli kiçik icmalar... Fond ötən il Davud bəy adlı 18-ci əsr quldurunu milli qəhrəman elan edib. Barəsində "elmi konfrans" keçirib Sankt Peterburqda. Özəl "Qarabağ" neft tankeri haqda sifarişli məlumat da dərc edib öz saytında.
Elan edib ki, bu tanker artıq antiazərbaycan qəhrəmanı Davud bəyin adını daşıyır.
Vaqif Hüseynov indi də bu fondun fəxri üzvü, bəlkə də əsl boz kardianalıdır.
*
Götürün bu layihələri, bu məqalələri...
Bu iki fərqli bioqrafiyaları.
Plutarxın gözüylə tutuşdurun.
Bütün ideoloji mesajlar, abzaslar, müqəddimələr tam eynidir.
Sovet bazarlarında, bazalarında tərəzi eyniydi.
Bir gölündə, bir gözündə Vaqifin qırmızı dimdikli ördəyi üzürdü, digərində Elmar Hüseynovun.
Ördəklərin dimdiyi öpüşdüyü an bazarın qiyməti, tarif şkalası yaranırdı.
Ancaq tariflər saxta idi.
Bir gün gecənin xain vaxtında o ördəklərin birini vurdular.
Ördəklərin multfilmi qəfil kəsildi.
Vaqif Hüseynov qubalıdır. Bazarda quba almalarının tərəzidə çəkilməyini uşaqlıqdan çox müşahidə edib.
Tərəzi ördəklərini çox güdüb.
Sonra qərara gəlib ki, bu xalq mexanik oyununu, yallah, bir başqa məzmunda - reallıqda canlandırsın.
Detal - o, həm də mahir atıcı kimi də ad qazanıb qapalı Bakı nişangahlarında.
Ördək ovunu çox sevib.