BLOQ

M.Ə.Rəsulzadənin İran və Türkiyədəki fəaliyyəti barədə

Tohid Məlikzadə və Səbahəddin Şimşir yazır

M.Ə.Rəsulzadənin İran və Türkiyədəki fəaliyyəti barədə
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Rəsulzadənin yazılı irsi və tədqiqi mövzusu hələ Məhəmməd Əmin bəyin öz zamanında Azərbaycan hüdudlarını aşmış, taleyin hökmü ilə onun əsərləri çox kiçik istisnalarla demək olar ki, xaricdə - İranda, Türkiyədə və Avropa ölkələrində nəşr olunmuşdur. Tədricən Rəsulzadənin şəxsiyyəti və geniş miqyaslı fəaliyyəti də bu ölkələrdən olan məsləkdaşlarının və alimlərin diqqət mərkəzinə gəlmişdir. “Rəsulzadə irsi” kontekstində əhəmiyyəti nəzərə alınmaqla “II...Qiraətlər”in I fəslinin 4-cü bölümü “M.Ə.Rəsulzadə xarici tarixşünaslıqda” mövzusuna həsr edilmişdir. Bu sıradan siz Danuta Çmielovska və Nadir Vahabinin təqdimatında artıq iki görkəmli xarici alimin – İran tarixçisi Firudin Adəmiyyət və Polşa əsilli Amerika tarixçisi Tadeuş Svyatoçovskinin tədqiqatları ilə tanış olmusunuz. Həmin bölümün daha 3 məqaləsi Rəsulzadənin İran, Türkiyə və Avropa tarixşünaslığında araşdırılması və əsərlərinin bu ölkələrdə nəşri məsələlərinə həsr olunmuşdur ki, onlardan ikisini sizə təqdim edirəm.

    Rəsulzadənin jurnalist və qismən siyasi fəaliyyətinin 1908-ci ildən İranla bağlı olduğu, “İrane-nou” qəzetinin nəşri ilə yanaşı ilk siyasi kitabçalarının da məhz bu ölkədə - Tehran və Ərdəbildə nəşr olunduğu kimi faktlardan çıxış edərək, eləcə də İranın modernləşmə prosesində Rəsulzadənin xidmətləri nəzərə alınmaqla təbii ki, Rəsulzadənin şəxsinə və yazılı irsinə bu ölkədə maraq olacağı şübhə doğurmur. Tanınmış İran - Cənubi Azərbaycan tarixçisi, Urmiyada Azad Universitetin dosenti, Dr.Tohid Məlikzadə “II ...Qiraətlərə” təqdim etdiyi tədqiqatında mövzuya məhz bu mövqedən yanaşmış, “Məhəmməd Əmin Rəsulzadənin siyasi və jurnalist-naşirlik fəaliyyəti İran tarixşünaslığında” adlı məqalədə bu sahədə mövcud vəziyyətin ümumi mənzərəsini göstərməyə çalışmışdır.
    Tohid Məlikzadə
    Müəllifə görə, İran Məşrutə hərəkatına öz töhfəsini vermiş Rəsulzadənin adı Pəhləvi rejimi dövründə yasaq edilməsə də, kiçik istisnalar (məs. F.Adəmiyyət) olmaqla ümumən tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Azərbaycan Cümhuriyyəti və Rəsulzadə mövzusuna maraq İranda 1990-cı illərdən, Sovet İttifaqı dağılandan sonra aktuallaşmağa başlamışdır. Xüsusilə son illərdə onun haqqında araşdırmaların sayı artır, əsərləri fars dilinə tərcümə edilərək nəşr olunur. Məqalədə Rəsulzadəyə aid tədqiqatların təsnifatı aparılır, bir neçə bölümdə Rəsulzadə haqqında İranda nəşr olunmuş kitablar, məqalələr, tərcümə ədəbiyyatı və digər xarakterli yazıların qısa xülasəsi verilir. Həmin təsnifatdan Rəsulzadənin istər öz zamanında, istərsə də sonralar İranın siyasi elitası arasında yüksək nüfuza malik olduğu, onun İranda demokratik fikrin yayılmasında xidmətlərinin iranlı müəlliflər tərəfindən layiqincə qiymətləndirildiyi kimi nəticələr alınır.

    T.Məlikzadənin gəldiyi nəticələrlə ümumən razılaşaraq, gətirilən siyahılar və xülasələrdən nəzərə çarpan daha bir məqamı da vurğulayaq ki, Rəsulzadə irsinə maraq göstərən və konkret mövzularda araşdırmalar aparan müasir iranlı müəlliflərin əksəriyyəti gənc tədqiqatçılardır. Məqalələr, konfranslarda məruzələr, tezislər, hətta Rəsulzadəyə həsr olunmuş dissertasiyanın başlıqlarından aydın olur ki, bu yeni nəsil İran tədqiqatçıları Rəsulzadənin yalnız İran qarşısında xidmətlərinə deyil, daha çox onun fikir dünyası, Azərbaycan məsələsində rolu kimi mövzulara üstünlük verirlər. Təbii ki, bu fakt çox sevindiricidir və yəqin ki, yaxın gələcəkdə onlarla bu müstəvidə əməkdaşlığın qurulması Rəsulzadəşünas tədqiqatçılar dairəsinin genişlənməsinə müsbət təsir göstərərdi.

    Bu mövzuda daha bir məqalə Türkiyədə Rəsulzadə irsinin tədqiqi, tanınması və təbliği sahəsində xüsusi xidmətləri olan tarix elmləri doktoru, professor Səbahəddin Şimşirə mənsubdur.
    Səbahəddin Şimşir
    “Türkiyədə Məhəmməd Əmin Rəsulzadə haqqında tədqiqatlar” məqalədə əsasən Rəsulzadənin vəfatından sonra yaranmış memuar və tədqiqat xarakterli ədəbiyyat nəzərdən keçirilir. Təqdim olunan xülasədən də göründüyü kimi, Rəsulzadə haqqında çoxsaylı məqalələr onun təvəllüdü, vəfatı və anım tarixləri ilə bağlı öz silahdaşları və məsləkdaşları tərəfindən yazılmağa başlamış və onun xatirəsinə həsr olunmuşdur. Bu sıradan məqalələrin böyük hissəsi Rəsulzadənin özünün Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin mətbu orqanı “Azərbaycan” dərgisində dərc edilmişdir. Daha sonralar Rəsulzadənin şəxsiyyəti, həyat və fəaliyyəti haqqında müxtəlif müəlliflərin tədqiqatları meydana çıxmışdır. Məqalədə bu tədqiqatlar haqqında yalnız biblioqrafik məlumatlar verilir və əsas məqsəd kimi Türkiyə tarixşünaslığında Rəsulzadənin öyrənilməsinə dair ümumi mənzərəni yaratmaq olduğu vurğulanır. Rəsulzadənin bu ölkə ilə əlaqələri, həyatının və siyasətçi, jurnalist, naşir kimi fəaliyyətinin mühüm bir hissəsinin məhz Türkiyədə keçdiyi nəzərə alınarsa, Türkiyə tarixşünaslığı və ədəbiyyatşünaslığında Rəsulzadənin zəngin irsinin öyrənilməsi səviyyəsi qənaətbəxş hesab edilmir.

    Çox təəssüf ki, prof. S.Şimşirin təqdim olunan məqaləsinin yaratdığı təəssürat müəllifin gəldiyi nəticə ilə razılamaqdan başqa bir yol qoymur. Türkiyədə adla sayılacaq bir neçə alimdən başqa Rəsulzadənin çox geniş miqyasda və mövzularda öyrənmək imkanı verən zəngin irsinə hər hansı akademik marağın olmaması, xüsusilə bu sahədə gənc tədqiqatçıların elə də nəzərə çarpmadığı bir çox suallar doğurur. Yəqin ki, Rəsulzadə ilində keçirilən elmi tədbirlərdə türkiyəli həmkarlarımızla bu mövzu ətrafında müzakirələr aparmaq və səbəbləri araşdırmaq lazım gələcək.

    Deyilənlərə əlavə olaraq bildirim ki, “II...Qiraətlər” kitabının sonuncu - “M.Ə.Rəsulzadənin irsi” fəslində Tohid Məlikzadə, Səbahəddin Şimşir, Dilqəm Əhməd və Səadət Kəriminin təqdimatlarında Məhəmməd Əmin bəyin özünün və onun haqqında İranda, Türkiyədə və Avropa ölkələrində nəşr olunmuş kitabların foto-kolleksiyaları yer alıb.