XƏBƏRLƏR / İctimaiyyət

D-8 ölkələrinin Gənclər Dialoqu keçirilir

Azərbaycan ilk dəfədir bu tədbirə ev sahibliyi edir YENİLƏNİR

D-8 ölkələrinin Gənclər Dialoqu keçirilir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 14:27

    Ötən il Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib. Ölkəmiz qısa müddətdə D-8 təşkilatı çərçivəsində önəmli addımlar atıb, əməkdaşlıq sahələrini müəyyənləşdirib və islahatlarda iştirak etməyə çalışıb. Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir. Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir.

    Bunu D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

    O, fikirlərinə belə davam edib: "Bugünkü dialoq gənclərin inkişafı və dayanıqlı şəhərlərin formalaşması mövzularına həsr olunub. Dünya texnologiya və iqlim sahələrində inkişaf edir. Biz bu prosesdə tam iştirak etməliyik. Burada gənclərin liderliyi də önəmlidir. D-8 Gənclər Dialoqu 350 milyon gəncin burada təmsil olunması deməkdir. Gənclər ancaq inkişafa töhfə vermir, onlar dəyişikliyin memarlarıdırlar. D-8 dialoqu bizim ideyalarımızın, tövsiyələrimizin mübadiləsi üçün unikal bir fürsətdir. Sizin liderliyiniz, innovasiya və iştirakınızla D-8 təkcə iqtisadi kooperasiya platforması olmayacaq, eyni zamanda, birlikdə gələcəyi formalaşdıracağıq. Müzakirələr sayəsində bizim cəmiyyətlərimiz üçün daha güclü və daha çevik platforma yaranacaq".

    ***

    13:30

    Bizim hər bir şəhər planlaşdırma gündəliyimiz zamanı cəmiyyət və gənclərin ehtiyacları nəzərə alınmalıdır. Şəhərsalma sahəsində, dizayn, energetika səmərəliliyini nəzərə alırıq. Bu da gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.

    Bunu D-8 Gənclər Dialoqunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

    Gənclərin gələcək memarlar olduğunu qeyd edən komitə sədri onların texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərlərin formalaşdığını bildirib: "Gənclər ancaq sakinlər deyil, onlar innovasiyanın, dayanıqlı inkişafın aparıcı qüvvələridir. Onların vizyonu, enerji və liderliyi bizim üçün önəmlidir. Çünki şəhər hər birimiz üçündür. Sizin burada iştirakınız yeni həll yollarının formalaşması üçün vacibdir. Bizim cəmiyyətlər çox sürətlə dəyişir. Bu halda transformasiya üzrə iki prioritet var: insan inkişafı və dayanıqlı iqlim məsələləri. Hər iki prioritet enerji, kreativlik və gənclərin liderliyini tələb edir. Biz gələcək onilliklərdə yeni-yeni fikirlər gözləyirik. Gənclər D-8 çərçivəsində dəyişikliklərə, yeni ideyaların formalaşmasına öz töhfələrini verəcəklər. Bu günlərdə siz innovativ həll yollarını irəli sürə, təhsil, məşğulluq məsələlərində öz fikirlərinizi ifadə edəcəksiniz. Gənclərin fikirləri reallığa çevriləcək".

    ***

    13:01


    Azərbaycan D-8 təşkilatında böyük aktivlik nümayiş etdirir. Bu gün Azərbaycan hökuməti tərəfindən D-8 təşkilatının tədbirləri dəstəklənir.

    Bunu Gənclər Dialoqunda çıxış edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam deyib.

    D-8-in 1987-ci ildə İstanbulda təsis edildiyini xatırladan baş katib Azərbaycanın qoşulması ilə təşkilatın əhatə dairəsinin genişləndiyini bildirib: "Təşkilatın məqsədi iqtisadi əməkdaşlığı və ticarəti təşviq etməkdir. Gənclərin inkişafı və iqlim məsələləri də əsas fəaliyyət sahələrimizə daxildir. Azərbaycanın təşkilata qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik. COP29 təcrübəsi bizim üçün çox önəmlidir. Bu təşkilatın potensialı çox böyükdür.

    Bizim əhalimizin 20 faizi gənclərdir. Həmin gənclər inkişafa aktiv töhfə verirlər. Gənclər bizim gələcəyimizdə böyük rol oynayırlar. D-8 də gənclərə dəstək vermək üçün öz məramını ifadə edir. İnanırıq ki, D-8 Gənclər Dialoqu çərçivəsində gənclər dünyada gedən proseslərdə daha aktiv iştiraklarına imkan yaradacaq bilik və bacarıqlar əldə edəcəklər. Forum vasitəsilə daha təhlükəsiz gələcək təmin etməyə çalışacağıq. Burada yeni inklüziv ideyeların formalaşacağına inanıram".

    ***

    12:25

    Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib.

    Azərbaycan ilk dəfədir bu tədbirə ev sahibliyi edir.

    Açılışda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək dialoqun üzv dövlətlərin gənclərin əlaqələrinin inkişafına və birgə təşəbbüslərin reallaşmasına verdiyi töhfənin əhəmiyyətini söyləyib.

    Həmçinin, 2025-ci il Gənclər Paytaxtı Sumqayıtda keçirilən tədbirlərin gənclər üçün faydalı olacağını deyən nazir iştirakçıları dialoqlarda aktiv iştirak etməyə çağırıb.

    Daha sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, çıxışında layiqli ev sahibliyi üçün ölkə rəhbərliyi və təşkilatçılara təşəkkür edib. D-8 ölkələrinin gəncləri arasında korporativ əlaqələrin gücləndirilməsində dialoqun əhəmiyyətli olduğunu vurğulayıb.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərsalma və davamlı inkişaf istiqamətləri ilə bağlı çıxış edib. Gənclərin sosial inkişafın, innovasiyanın, dayanıqlılığın aparıcı qüvvəsi olduğunu vurğulayan sədr gələcək nəsillər üçün birgə əməkdaşlığın vacib olduğunu qeyd edib. O, 2026-cı ildə ölkənin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumunda gənclərin innovativ təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

    Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qlobal iqlim gündəliyində gənclərin roluna toxunub. O, çıxışında il ərzində D-8 ölkələri arasında keçirilən tədbirləri vurğulayaraq D-8 Gənclər Dialoqunun da gənclər arasında fikir mübadiləsi üçün mühüm platforma olacağını söyləyib.

    Tədbirdə xüsusi qonaq qismində qatılan Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Ali dialoqda ölkələrarası birlik və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

    BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

    Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib. Bildirilib ki, dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.