Daşaltıda tapılan şəhidlə vida mərasimi keçirilir
Veysəl Qasımov Birinci Qarabağ müharibəsində itkin düşüb
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.
Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.
Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb.
1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.
Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.