XƏBƏRLƏR / İctimaiyyət

David Babayan təslim olmaq üçün Şuşaya gedir

Vitali Balasanyan isə hazırkı ünvanını açıqlayıb: “Əsgərandayam”

David Babayan təslim olmaq üçün Şuşaya gedir
David Babayan
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Qarabağdakı separatçıların keçmiş "xarici işlər naziri" olmuş, son olaraq qondarma "prezident müşaviri" kimi özünü təqdim edən David Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

    Babayan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

     "Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən (Babayan qondarma "Stepanakert" ifadəsini işlədib - red.) Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Görünməməyim, daha pisi, qaçmağım bir çox insanlara ciddi ziyan vuracaq və mən buna yol verə bilmərəm", - o könüllü təslim olmaq qərarını belə əsaslandırıb.

    Qeyd edək ki, 1973-cü ildə Xankəndidə anadan olan David Babayan qondarma qurumun "prezidentliyinə namizəd" də olub.

    Bu gün özünü buraxdığını elan edən qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycan tərəfinin onu dünən Həkəri körpüsünü keçərkən həbs etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.


    “tert.am”a açıqlamasında Balasanyan hazırda yaşadığı ünvanı qeyd edərək, Qarabağda olduğunu bildirib:

    “Mən “Artsax”dayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç “Artsax”ı tərk etməyə cəhd də etməmişəm”, - deyə o, yenə də Qarabağdan çıxmaq fikrində olmadığını vurğulayıb.

    Xatırladaq ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

    V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. “Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımının törədilməsində iştirak edib.

    Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı separatçıların könüllü təslim olacağ təqdirdə onların amnistiya məsələsinə baxıla biləcəyini bəyan edib.