BLOQ

Davranış əsil-nəcabətdən asılıdır

Ola bilər, uzun zaman gizli qalsın, amma şərait yarandıqda mütləq özünü büruzə verir

Davranış əsil-nəcabətdən asılıdır
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bir padşahın sarayının qapısının ortasında qara ləkə yaranır. Kimi gətirsələr də, ləkəni aradan qaldıra bilmir.

    Günlərin bir günü bir yoxsul cavan saray xidmətçilərinə yaxınlaşıb səbəbi bildiyini deyir. Onu tez şahın hüzuruna aparıb şaha xəbər verirlər.

    Şah soruşur: "Hə, de görək, qapıdaki ləkə nədəndir?". Cavan deyir: "Taxtanın içində qurd var, içində yeyib qaraldır". Şah deyir: "Qapını sökdürəcəyəm, amma dediyin kimi olmasa, boynunu vurduracağam". Cavan razılaşır. Qapını söküb içində qara qurd olduğunu və qapını içindən yediyini görüb cavanın dediklərinə inanırlar. Şah onu mətbəxə göndərib qalıq yeməklərdən vermələrini əmr edir.

    Sonra yenə yanına çağırıb deyir. "Bu dünyanın ən bahalı və sürətli atıdır, bəs onun barəsində nə deyə bilərsən?". Cavan ata baxıb deyir: "Ola bilər dünyanın ən bahalı və sürətli atı olsun, amma bu at çaya çatan kimi özünü suya vuracaq". Şah inanmır və dərhal atı minib bunu yoxlamağı əmr edir. At çaya çatan kimi oğlanın dediyi kimi edir və özünü çaya vurur. Bu dəfə də onu mətbəxə göndərib yeməklərin qalıqlarından vermələrini əmr edir.

    Sonra şah təəccüblə soruşur: "Bəs mənim özüm barədə nə deyə bilərsən?". Cavan cavab verir: "Sən şahzadə deyilsən!". Şah cavanın sözlərindən qəzəblənib onu zindana atır. Amma axşam gözünə yuxu getmir, gedib anasından hər şeyi olduğu kimi danışmasını istəyir. Oğlunun israrından sonra anası həqiqəti demək qərarına gəlir: "Hə düz deyir, sən bizim övladımız deyilsən. Övladımız olmadığından səni kənizlərdən birindən götürdük ki, əmin oğlanları taxt-taca sahib çıxmasınlar".

    Şah heyrətə gəlib oğlanı yanına çağırıb bir-bir söylədiklərinin səbəbini açıqlamasını istəyir. Oğlan cavab verir. "Bir şey içəridən xarab olmayana qədər çöldən özünü büruzə verməz. Qapının içində qurd olduğunu da belə başa düşdüm. Atın ayaqlarındaki pambığa bənzər tüklər və özünü çaya vurması onun bir vaxtlar camış südü əmməsi ilə əlaqəlidir. Sənin özünə gəlincə, bu qədər xeyirxahlıq müqabilində mənə şahlara layiq olan mükafat verməyib mətbəxdəki yemək qalıqlarına qonaq etməyindir.

    * Nəticə: İnsanlar da belədirlər. Əməllərindəki "qara ləkə" "daxili qurdlar"ın nəticəsidir.

    * Birinin davranışı onun əsil-nəcabətindən və necə bəslənməsindən xəbər verir. Ola bilər, uzun zaman gizli qalsın, amma şərait yarandıqda mütləq özünü büruzə verəcək.

    * Hər kəs görüb-götürdüyündən verər.