Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin müxtəlif illərdəki yazılarındakı, çıxışlarındakı, yazdığı məktublardakı dəyərli fikirləri arasdırıb, toplayıb kitab olaraq nəşrə hazırlayıram. Həmin kitabdan bəzi hissələri oxuculara təqdim edirəm.
Millətpərəstlik nədir?
“Bax, iki cür “millətpərəstlik” var. Biri qoçaq, biri maymaq. O ki qoçaq millətpərəstdir – gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı”, yainki “millət fabrikası”, başlayır yavaş-yavaş “millət qarpızı, millət papirosu, “millət bezi” satmağa. Bu millətpərəstin məfai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır. O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanıb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir”.
“Təkamül” qəzeti, 30 dekabr 1906-cı il, N3.
Azərbaycan türkləri
“...Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayətlərində fəhlə¬lik və hamballıq etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türk¬ləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə, yoldaşlıq təsiri ola¬raq, hürriyyət və fədakarlıq işlərinə alışmışlar!
“İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz”.
“Təkamül” qəzeti, 17 fevral 1907- il, N9.
“Fəda ol, qədr gör!”
“-Ah... nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!”
“İrşad” qəzeti, 15 aprel 1908-ci il, N51.
İki Azərbaycan həsrəti
“Mərənd...
Nə gözəl, nə şairanə bir bucaq! Qovaqlar uzanaraq, asimanə baş qalxızmış, meyvədar ağaclar böyük bir vüqar ilə fikrə dalmışlar...
Ah, əgər bu təbiət, bu hava, bu şənlik, bu şəfa, bu məlahət, bu səda Bakıda olaydı, yaxud Bakı burda olaydı!..”
“Tərəqqi” qəzeti, 4 iyun 1909-cu il, N122.