İmişlidəki qəzada xəsarət alan 3-cü uşaq dünyasını dəyişdi
Daxili İşlər Nazirliyi hadisənin obyektiv araşdırılmasını diqqət mərkəzində saxlayır
İmişlidə baş verən qəzada xəsarət alan 3-cü uşaq dünyasını dəyişib
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 22 yanvar 2025-ci il tarixində saat 01:45 radələrində yanvarın 18-də İmişli rayonu,Yalavaç kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlə BakınınYeni Klinika tibb müəssisəsinə yerləşdirilən uşaq ölümü qeydə alınmışdır.
Əlizadə Məhbubə Coşkun qızı (26.02.2015) süni nəfəs aparatına qoşulub və gecə saat 01:45 radələrində Bakı şəhər xəstəxanalarından birində dünyasını dəyişib.
Qız ailənin 5-ci övladı idi. Məhbubənin anası qızın bir yaşına çatmamış dünyasını dəyişib.
Bu arada, Daxili İşlər Nazirliyinin rəhbərliyi İmişli rayonunda iki uşağın ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanların və yaralananların ailə üzvləri ilə görüş keçirib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, ailə üzvlərinə hadisənin təfərrüatları barədə ətraflı məlumat verilib və maddi sübutlar, o cümlədən hadisə yerindən çəkilmiş videoçəkilişlər təqdim edilib.
Vurğulanır ki, Daxili İşlər Nazirliyi hadisənin obyektiv araşdırılması və zərərçəkmişlərin hüquqlarının təmin edilməsi üçün bütün zəruri tədbirləri diqqət mərkəzində saxlayır.