Bu axşam Muğam Mərkəzində böyük bir ehsan verildi… Təəccüblənməyin…
“Ehsan” sözü “həsənə” kəlməsindəndir - “gözəllik bəxş etmək” mənasını verir. Yəqin anladız ki, “əhsən” tərifi də eyni kökdən gəlir…
Həmkarlarını, dostlarını qardaşı Çingiz Mustafayevin ad günündə virtuoz pianoçu Nikolay Kuznetsovun konsertinə dəvət edən Vahid Mustafayevin sözlərinə görə, ideyanı qızı verib. Süni intellektə “Əmimi Cənnətdə göstər” deyib, yaranmış açıqca afişaya dönüb. Sonra…
Sonra səhnəyə çıxan gənc pianoçu Çaykovski musiqisinin naxışlı cığırıyla... Musorqskinin qeybdən gələn ağır düşüncələrinə keçid edib paralel aləmlərə yol açdı… Alqışlar altında səhnəyə qayıdıb Piazoladan bir fraqment ifa edərək son dəfə publikaya baş əyəndə Çingizin və bütün şəhidlərin məskən saldıqları Cənnətin tər-təmiz mehini üzümdə, gözlərimdə, ürəyimdə hiss etdim…
“Belə cavan olasan, o cür dahilərin fikirlərini dəqiqliyinə, incəliyinə qədər “oxuyub” çatdırasan… Bəs nə, fenomen yetişdirmək üçün mədəniyyət yüz illər boyu özünü cilalamalıdır, yoxsa…”.
Abdul danışa-danışa sırf təsadüfdən keçmiş mədəniyyət naziri çevrilib bizə sarı baxdı. Gülüb keçdik. Zaldan çıxan axına qarşı gedib, qonaqlarını yola salan Vahid Mustafayevin yanına qayıdırdıq.
Muğam Mərkəzinə çatanda konsertə 8 dəqiqə gecikmişdik axı, zalı dolu görüb sadəcə, onunla salamlaşmaq üçün yaxınlaşmışdım: “Dəvətə görə təşəkkür, günah özümdədi, eybi yox, başqa vaxt” demişdim. Sözümü bitirməyə qoymamışdı, “Nə danışırsan, hara gedirsən?” Məni arxasınca çəkib aparmışdı, çox utansaq da, Abdulla iki ans-çinin bizə verdiyi yerdə oturmuşduq. İndi konsertdən aldığımız enerjini hökmən paylaşmalıydıq. Böyük Sevanı bərk-bərk qucaqladım. Vahid müəllimə: ”Çox sağ olun, əzizim” dedim. Gülümsədi: “Yaxşı ki, səni getməyə qoymadım, hə, Laloçka?”.
“Hə, nə yaxşı ki, əlimi buraxmadınız, Vahid müəllim… “.
Çıxanda afişaya və yaddaşımızda həmişə cavan qalan Çingizin süni intellektlə yaşlanmış simasına, qırış tutmuş gözlərinə bir də diqqətlə baxdım. Gecənin sloqanını öz özümə bir neçə təkrarladım ki, heç vaxt unutmayım: “Yaşamaq üçün günəş, azadlıq və güllü miqdarda çiçək lazımdır…”.