Sərhədin açılması nəyi dəyişəcək?
İrəvanın zəlzələ ila bağlı Türkiyəyə humanitar yardımı 35 il əvvəl bağlanan Alican sərhəd-keçid məntəqəsi vasitəsilə göndərilib
Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edən ölkələrdən biri də Ermənistandır. Rəsmi İrəvan zəlzələnin baş verməsindən sonra Türkiyəyə 100 ton humanitar yardım və 27 nəfərdən ibarət xilasetmə qrupu göndərib. Beynəlxalq mətbuatda Ermənistanın Türkiyəyə yardım göndərməsi iki ölkə arasında 100 ildən çoxdur davam edən gərginliyin azaldılması kimi şərh edilib. Ancaq sosial şəbəkələrdə ermənilər Türkiyəyə göstərilən yardım birmənalı qarşılanmayıb. Belə ki, bəzi erməni ekspertlər 44 günlük müharibə zamanı Ankaranın Azərbaycana dəstəyini xatırladaraq Paşinyan hökumətinin Türkiyəyə yardım göstərməsini sərt tənqid edib. İrəvanın humanitar yardımı 35 il əvvəl bağlanan Alican sərhəd-keçid məntəqəsi vasitəsilə göndərilib. Bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə baş verən və 25-30 min insanın ölümünə səbəb olan Spitak zəlzələsi zamanı istifadə edilib. Həmin vaxt Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ermənistana humanitar yardım çatdırıb.
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyəyə yardımın normal prosedur olduğunu bildirib.
Rubinyan 1999-cu ildə İzmirdə baş verən zəlzələ zamanı da Türkiyəyə xilasedicilər göndərildiyini qeyd edib. O, bunun siyasi deyil, humanitar məsələ olduğunu vurğulayıb. “Düşünürəm ki, münasibətlərin normallaşması prosesi davam edəcək, bunun sürətlənib-sürətlənməyəcəyini gələcək hadisələr göstərəcək”, - deyə Rubinyan bildirib.
Türkiyənin Ermənistanla əlaqələrinin normallaşdırılmasına dair XİN-in xüsusi nümayəndəsi Sərdar Kılıç twitter hesabında R.Rubinyana "canım, əzizim" deyə müraciət edərək, "Türkiyənin zəlzələ bölgəsində xalqımızın əziyyətini yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam" yazıb.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, əslinə qalsa, Türkiyə-Ermənistan münasibətləri artıq düzəlməkdədir:
"Biz gördük ki, humanitar yardımı aparmaq üçün ilk dəfə sərhəd açıldı. Mən hesab edirəm ki, strateji baxıımdan bu, bizə sərf edən variantdır. Çünki bəllidir ki, gələcəkdə Türkiyə güclü dövlət olarkən, coğrafi baxımdan onun Ermənistana təsiri artacaq. Ermənistanda normal siyasətin formalaşmasında bu ciddi amil olacaq. Çünki Ermənistanı tam şəkildə İranın, yaxud Rusiyanın təsiri altında saxlamaq strateji baxımdan bizə sərfəli deyil. Baş verən bu ümumi prosesə biz normal baxmalıyıq".
Lakin keçmiş xarici işlər naziri Ermənistanın zəlzələ səbəbindən Türkiyəyə humanitar yardım aparması ilə iki dövlətin - Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan üzərindən (Azərbaycan olmadan!) sıx olması ehtimalı ilə razılaşmır: "Şuşa bəyannaməsini yada salsaq, görərik ki, orada strateji əlaqələrə daiər əsas bənd ondan ibarətdir ki, mütəmadi şəkildə Azərbaycan və Türkiyənin dövlət qurumları təhlükələri və probleməri daim diqqətdə saxlayır və bu məsələləlrdə daim məşvərət aparırlar. Əsas qurumlar - xarici işlər nazirlikləri, müdafiə və güman ki, təhlükəsizlik nazirlikləri arasında mütəmadi əlaqələr var. Yəni bu, ümumi strategiyanın bir hissəsidir. Ona görə mən inanmıram ki, bizim xəbərimiz olmadan məsələlər hansısa şəkildə həll edilsin. Bu həm bizə, həm də Türkiyəyə aiddir".