Ekvadorda həbsxana rəisi öldürüldü
Damian Parrales ailəsi ilə kafedə nahar edərkən naməlum şəxslər tərəfindən güllə ilə başından vurulub
Ekvadorun Manabi əyalətindəki “Rodeo” həbsxanasının rəisi Kosme Damian Parrales Merçan öldürülüb.
"Telesur" telekanalı xəbər verir ki, hadisə ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı referendumun keçirildiyi gün - aprelin 21-də baş verib. Həbsxana rəisi ailəsi ilə kafedə nahar edərkən naməlum şəxslər tərəfindən güllə ilə başından vurulub. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları cinayəti törətdikdən sonra motosikletlə qaçan şəxslərin axtarışını davam etdirir.
Ekvador Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə əhalisi bazar günü keçirilən ümumxalq səsverməsi zamanı hakimiyyətin cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təklifini dəstəkləyib.
Qeyd edək ki, yanvarın 8-də Ekvadorda narkotik vasitələrin ticarəti ilə məşğul olan kartellərdən birinin lideri, “Fito” ləqəbli Adolfo Masias həbsxanadan qaçıb. Ölkə Prezidenti Daniel Noboa bu hadisədən sonra həbsxanalarda asayişi bərpa etmək üçün 60 günlük fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimin əvvəlindən bəri silahlı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 10 mindən çox şəxs saxlanılıb.