MÜSAHİBƏ

“Elbrus Orucov Şuşanı təhvil vermək üçün göndərilmişdi"

Bunu polkovnik Azay Kərimov ANS Press-ə müsahibəsində deyib

“Elbrus Orucov Şuşanı təhvil vermək üçün göndərilmişdi"
  • Oxuma müddəti:

    20 dəqiqə

  • Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov jurnalist Eynulla Fətullayevə müsahibəsində 1992-ci ilin yazında Şuşada təkbaşına qaldığını, qalanın müdafiəsində kifayət qədər döyüşçünün iştirak etmədiyini deyib və digər məqamlara toxunub. ANS olaraq, Şuşanın işğalı məsələsini dəfələrlə araşdırmışıq. Reportyorlarımız 1992-ci ildə Şuşanın işğalını lentə aldığından və o döyüşlərin şahidi olduğundan sənədli filmlər çəkmişik, reportajlar hazırlamışıq və s. Elbrus Orucov müsahibəsində bir neçə dəfə əslən şuşalı olan polkovnik Azay Kərimovun da adını çəkir. ANS Press polkovnik Azay Kərimovla bəzi məsələlərə aydınlıq gətirib.

    - 1992-ci ildə Elbrus Orucov niyə Şuşada yaxşı qarşılanmadı? Axı o Müdafiə Nazirliyinin ora göndərdiyi briqada komandiri, şəhərin komendantı idi.

    - Elbrus Orucov Müdafiə Nazirliyi tərəfindən qəsdən və məqsədyönlü şəkildə göndərilmişdi ki, Şuşa qalasını təhvil versinlər. Bütün bunların hamısını dəqiqləşdirmək və isbat üçün bir qədər əvvələ qayıdaq.

    Biz döyüşçülər, şuşalıllar, batalyon komandirləri hamısı bilirdi ki, Şuşaya hücum olcaq. Nədən bilirdilər? Demək, Qaladərəsinin (Şuşa rayonu ərazində kənd-red.) keçmiş sovxoz sədri Qrişa Daşaltıda ( Şuşa qalasının cənub divarının ətəyində dərə, kənd-red.) otururdu. Zarıslı istiqamətində iki çoban oturmuşdu – birinin qulağını kəsib göndərmişdi, birini saxlamışdı. Qulağıkəsiklə söz göndərmişdi ki, “May ayında mən oturacağam Qaladərəsində. Mənim iki “Niva”mı laçınlılar gətirib qoysunlar qapıma”. O vaxt həqiqətən biz Qaladərəsini alanda onun qapısında iki “Niva” var idi. Birini laçınlılar apardı, biri də Şuşaya getdi, cinayət axtarış şöbəsinin rəisi Şahin sürürdü... Başqa kəşfiyyat materialları da var idi ki, bunlar sakit duran deyillər.  Məsələn, Şuşanın ətrafında olan dağları gecə-gündüz traktorlarla açıb qazırdılar ki, tankdan atəş açanda birbaşa Şuşanın içini vura bilsinlər. Bütün buynların hamısını biz bilirdik. Və ermənilərə əks-zərbə endirmək üçün bir plan hazırladıq – “777”-nin (777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci ildə yaradılıb. Hərbçilərin əksəriyyəti Əfqanıstan müharibəsi zamanı Sovet ordusunda xidmət etmiş azərbaycanlı zabitlər idi-red.) komandiri Elçin Məmmədov, mən, Rövşən Əkbərov xəritə hazırladıq. Bizim məqsədimiz ondan ibarət idi ki, əks hücuma keçək və bunların qüvvələrini nisbətən parçalayaq. Amma bu bizim səlahiyyətimizdə deyildi. Planı ya müdafiə naziri Rəhim Qazıyev, ya da Baş Qərargah rəisi Şahin Musayev təsdiq etməliydi. Buna görə oturduq UAZ-a, getdik Müdafiə Nazirliyinə ki, Rəhim Qazıyevlə görüşək. Biz aşağıda məruzə edəndə dedilər ki, Rəhim Qazıyev yoxdur, Şahin Musayevin yanına gedin. Mən ilk dəfə Şahin Musayevi orada görmüşəm.

    Rövşən Əkbərovun kitelinin yuxarıdan iki düyməsi açıq idi, buna görə Şahin Musayevlə aralarında dava düşdü. Şahin Musayev onu təhqir elədi, düzdür, Rövşən Əkbərov cavabsız qoymadı. Şahin Musayev sakitləşəndən sonra xəritəyə baxdı. Dedi ki, xəritə pis işlənməyib. "Amma imzalamaq üçün səlahiyyətim çatmır, Rəhim Qazıyev imzalamalıdır". Getdik Rəhim Qazıyevin yanına, vəziyyəti ona izah etdik.

    Şikayət etdik ki, yerli batalyonlar var – Ramiz Qəmbərov, Tofiq Oğuz, Nail Kərimov, Mamed dayı – bunlar tabeçilik göstərmirlər, ona görə də vahid komandanlıq yarada bilmirik. Rəhim Qazıyev də söz verdi ki, dediyimizi edəcək. Məsələ xəritəyə çatanda dedim ki, siz buna imza atmalısınız, çünki biz əks hücuma keçməliyik. O da dedi ki, kadr zabiti deyil, ona görə əməliyyat bölməsindən bir zabit çağıracaq. Bir podpolkovnik çağırdı. Onun da xoşuna gəldi, amma bir-iki yerdə qara karandaşla qeyd apardı. Sonra Rəhim Qazıyev bizi otağında kənara çəkib pıçıltıyla dedi: “Erməniyə bir güllə atsanız, sizin hamınızı mən özüm şəxsən güllələyəcəyəm. Ermənilərlə atəşkəs elan olunub, heç bir döyüşdən söhbət gedə bilməz. Qayıdın Şuşaya!”. Aprelin 27-si idı. Aprelin 28-i, ya 29-da Şuşaya qayıtdıq. Yolda bir şuşalıdan eşitdik ki, yerli özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərovu vurublar. Vəziyyəti ağırdır, xəstəxanadadır. Tez getdik Şuşaya. Orada bildik ki, briqada komandiri vəzifəsinə təzə podpolkovnik göndəriblər. Mən Elbrus Orucovu birinci dəfə ordan tanımışam. Elbrus Orucov gəldi “777”-nin qaldığı internat məktəbinə. Dedi ki, mən briqada yaradıram. Biz də dedik yarat, biz tabe olan adamlarıq.  Amma bunun gəlişi zamanı Laçında Arif Paşayevlə (Laçın alayının komandiri-red.) aralarında nə olub, bilmirəm. Biz Rəhim Qazıyevin yanınıda olduğumuzu, danışdıqlarımızı Elbrus Orucova məruzə etdik.

    Elbrus Orucov briqada komandiri olaraq, Şuşa və Şuşa ətrafında olan batalyonlar, postlar arasında əlaqələrin qurulmasını yaratmaq əvəzinə başqa işlərlə məşul olmağa başladı. Başladı parçalamağa. Halbuki Elbrus Orucova qədər “pişim-pişim”lə hamımız bir-birimizi yola verirdik. Düzdür, Elçin (777-ci hərbi hissənin tabor komandiri-red.) içirdi, çəkirdi deyə heç kim onu batalyonuna yaxın buraxmrdı. Yalnız məni hər yerə buraxırdılar.

    Batalyonlar bir-birinə düşmən kəsilmişdilər. Rəhmətlik Nizami Bəhmənov söz göndərmişdi ki, Malıbəyli hadisələrinə görə Azay Kərimovu mükafatlandıracağıq, yığışın kabinetimə. Mənə 10 min rubl mükafat verdilər, burada hamı söz verdi ki, bir olacağıq, torpaqları qoruyacağıq.

    Bunlar şəhər telefonu ilə gündə 50 dəfə Rəhim Qazıyevə zəng vururdular. Mən də deyirdim ki, zəng etməyin. Çünki Stepanakertin (Xankəndi-red.) icazəsi olmadan Şuşa ATS-dən Bakı ilə danşmaq mümkün deyildi. Çünki bütün kabellər Xankəndinin ATS-indən keçirdi. Mən bunu dəqiq bilirdim və onlar da hər danışığa qulaq asırdılar. Nə isə...

    Elbrus Orucov batalyonlar arasında intriqa yaratmağa başladı. Belə xəbər buraxdı ki, hamını buraxıram, 18-20 yaşlı uşaqlar yığıram, and qəbul etdirəcəyəm. Bu da könüllülərin xətrinə dəymişdi, axı onlar can-başla döyüşürdülər, nə qədər şəhid vermişdilər. Elbrus Orucovun bu bəyanatına görə uşaqların bir çoxu silahı tullayib getdi.

    - Elbrus Orucov o vaxt batalyonlardakı döyüşçü tərkibinin şişirdilməsindən danışıb

    - Bu məsələ ilə bağlı Elbrus Orucov nə deyibsə, düz deyib. Adı batalyon gedir, 250 nəfər olmalıydı, amma 40-45  nəfər var idi. Bunun əvəzinə ərzaq və s. alırdılar. Bu adam intriqa yaratmağa başladı və nail də oldu. Niyə ondan danışmır ki, briqada komandiri ola-ola, yaxud Şuşanın komendantı kimi bir dəfə də səngərdə olmadı, əsgərlərin şəraiti ilə tanlş olmadı.

    - Elbrus Orucov mayın 7-də Kosalara (Şuşa rayonu ərazisində kənd-red.) gedib. Bundan xəbəriniz var yəqin ki.

    - Bizim “777”-nin qaldığı internat məktəbində fizika kabineti var idi. Həmin batalyonun rabitə rəisi Sovet İttifaqında nə qədər rabitə var idisə, onların hamısını həmin otaqda yerləşdirmişdi. Rabitəçilər də hamısı erməni dilini bilən adamlar idi. Mayın 7-də rabitəçilər belə bir məlumatı ələ keçirdilər ki, “Uniçtojit bukvu “K” ("K" hərfini məhv edin - red). Mən də fikirləşdim ki, Şuşanın ətrafında “k” ilə başlayan hansı kənd var? Bildim ki, Kosalardır. Bunu rasiya ilə Elbrus Orucova məruzə etdik. Elbrus Orucov da heç kimi yanına almayıb tək çxıb gedib Kosalara. Kosalardan da deyiblər ki, Azaya deyin, iki minomyot götürüb gəlsin Kosalara. Bu səhər saat 6-da olub. Mən də saat 6-ya qədər iki nəfəri (yeznə-qayın idilər) Ramiz Qəmbərovun batalyonuna yola saldım – “Aşağı zapravka”ya. O yazıqların indiyə qdər “öldü-qaldı”sından xəbər yoxdur. Sən  demə, ermənilər Şuşanın ətrafına qədər gəliblər, amma hücum etməyə cəsarət etməyiblər. Səhərin açılmasını gözləyiblər. Mən də götürdüm 6 nəfər, 2 minomyot, hər minomyotda 3 nəfər dururdu. 131 ZİL ilə getdik Kosalara. Amma artilleriya o qədər vururdu ki, yerimək mümkün deyildi.

    Çatdıq Kosalara, həqiqətən Kosalara hücum olmuşdu. Hücum edən də olub Seyran Ohanyanın (Ermənistanın keçmiş müdafiə naziri - red.) başçılığı ilə batalyon. Həqiqətən ermənilər orada çox itki verdilər, təxminən 134 nəfər, bunu Elbrus Orucov düz deyir. Leş-leşə dirənmişdi. Səhər 9-da Elbrus Orucovla görüşdük, dedi ki, səhərə qədər Şuşaya atıblar, görək vəziyyət nə yerdədir. Getdik ki, “Avtobaza” alınıb, bir də “Tar sexi”. Ramiz Qənbərovun batalyonundan ümumiyyətlə xəbər yoxdur, 47 nəfər hara gedib, bilinmir. Həmin BMP də hara gedib, bilinmir.

    Amma Kosalara getməmişdən qabaq gecə Elbrus Orucovla bir yerdə idik, rabitəçi gəldi ki, Elbrus müəllim, sizi Müdafiə Nazirliyindən komanda qərargah maşınına çağırırlar. Mən də çıxdım çölə siqaret çəkməyə. Gördüm Elbrus Orucov Müdafiə Nazirliyi ilə danışır. Hər cümləsində də deyir ki, “Oldu, cənab nazir!”.  

    Dəstəyi yerinə qoyandan sonra dedi ki, Azay, sabah “Aşağı zapravka”ya Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gələcək, saat 11 də. Minanı ordan çıxardarsan, öz maşınları ilə gedərlər Bakıya. Dedim, axı orada mina yoxdur. Dedi, mənə məruzə ediblər ki, orada mina var.

    Ümumiyyətlə, Şuşa və Şuşa ətrafında olan ərazilərdə cəmi yeddi dənə mina olub. O da tank əleyhinə mina olub. Bu da Şuşa rayon Polis şöbəsinin anbarında olub. Amma o minalardan istifadə edən adamlar yox idi. Şuşanın “Aşağı zapravka”sında yolun minalanması nə demək idi? 

    O vaxt biz Qaladərəsini götürəndə məktəbin altında partlayıcı maddə var idi. Oradan biz Şuşa polisi olaraq bir KAMAZ silah çıxartdıq. Ermənistandan o kəndə iki gündən bir vertolyot enirdi. O bir KAMAZ silahı çıxardıb Şuşanın post-patrul xidmətinin rəisi polkovnik Orduxan Kərimova təhvil verdik, o da silahları Bakıya apardı və o silahlardan xəbər çıxmadı. Amma aminal tozunu vermədik. Şuşa-Zarıslı yolunu genişlətmək üçün daim bu tozu dağlarda partladırdılar. Həmin yola Xankəndi yol idarəsi nəzarət edirdi. Partlayıcı maddələr həm də onlarda olurdu. Biz getdik Qaladərsinə, artıq orada ermənilər yox idi. Həmin əraziyə dairəvi olaraq partlayıcı maddələr yerləşdirdik. Eyni ilə həm də “Aşağı zapravka”da Xankəndindən Şuşaya gələn yolu... Yəni əgər Xankəndindən texnika çıxsa, heç olmasa, bir az qarşısını almaq üçün qayaları partladıb yolu kəsək. Orada mina olmayıb. Mən bunu Elbrus Orucova dedim. O heç bir tədbir görmədi.

    Nə isə... “Avtobaza” və “Tar sexi”ndən başqa hər şey bizdə idi, panikaya ehtiyac yox idi. Saat 11 tamamda bir də gördük ki, ermənilərin T-72 tankı, üstündə Ermənistanın bayrağı, arxasında da 2 dənə BMP-2 daxil oldu “Aşağı zapravka”dan Şuşaya tərəf. Necə Müdafiə Nazirliyində demişdilərsə... Düz 11 tamamda. Aypara Cəmiyyəti gəlmədi, tank gəldi. “Əjdaha  bulağı”nda Albert (Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov-red.) vururdu tankı, BMP-çilər qaçdı, tank “uçdu”.

    Elbrus Orucov yalan deyir, o türmənin qabağında olmayıb.

    Sonra türməyə dolmuşdular bir az. Orada mən olmuşam, rəhmətlik kərkicahanlı Natiq orda şəhid olub. BTR-lə vurduq, türmənin qapısını sındırdıq, bütün erməniləri güllələdik. Amma Elbrus Orucov orada yox idi. Gah deyir, Nizami Bəhmənovun yanında idim, gah deyir, Vahid Bayramovun yanında idim. Halbuki həmin vaxt Vahid Bayramov Şuşada yox idi. Sonra deyir ki, getdim prokurorun yanına, halbuki prokuror da Şuşada deyildi. Belə... Axşamüstü də özü komanda verdi ki, gücümüz çatmır, Şuşanı tərk etmək lazımdır... Vəziyyət bu cür olub. Yəni o, öyrədilmiş, qəsdən yola salınmış adam idi ki, get, Şuşanı təhvil ver, gəl.

    Şuşa camaatının təxliyəsi haqda yalan.

    Sonra orada yalandan danışır ki, Daşaltıdan çıxıb yolu kəsmək istəyirdilr ki, Şuşa camaatını mühasirəyə salıb qırsınlar. Ermənilərin Daşaltıda bircə dənə BMP-si var idi. Onun da qabağına 777-dən bir BMP 2 çıxdı. Adamın üstündə Allah var, ermənilər şərait yaratdılar ki, camaat çıxsın. Daşaltıda erməni çıxıb yolu bağlamayıb. Yalan danşışır! Şuşadan çıxan adamlara, maşınlara bir dənə atəş açılmadı.   

    - Mayın 7-si axşam?...

    Qaranlıqlaşmşdı, şəhər boşalmışdı. Nizami Bəhmənov (Şuşa icra hakimiyyətinin başçısı), Ramiq Məhərrəmov (Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi) orada idi.

    Necə ki, 44 günlük müharibədə biz Şuşaya daxiı olduq, eləcə də ermənilər 1992-ci ildə Şuşaya girdilər. Cıdır düzündə postda duran uşaqlar həmin qayalıqdan çıxan 15 nəfəri öldürmüşdülər, Şuşa xəstəxanasında əlbəyaxa döyüş getmişdi. Hətta eləsi olub ki, bir-birinə patron vermişdi. Erməni Azərbaycan dilində patron istəyib, şəxsən Orduxan Kərimov 7-8 paçka verib... Gəldik Zarıslıya. Rəhmətlik Çingiz Mustfayev orada idi, Nizami Bəhmənov orada idi, Elbrus Orucova dedik ki, qayıdaq Şuşaya, dedi ki, mənim ayağım ağrıyır.

    - Amma deyir ki, həmin gecə Şuşaya qayıdıb.

    - O Şuşaya gedə bilməzdi, çünki səhər saat 8-də Turşsuda bizimlə bir yerdə səhər yeməyi yeyirdi.

    - Texnikalarımız doğrudan Şuşada qalıb?

    - Şuşada heç nə qalmadı, bir dənə BMP 2 qaldı, onun da mühərriki döymüşdü. Elbrus Orucov deyir ki,  Şuşada bu qədər texnika qaldı... Yalan deyir! Qalan texnika Turşsu, Zarıslıya çıxıb.

    - General Orucov bir tərəfdən də deyir ki, o vaxt Şuşada silah-sursat yox idi.

    - Adama deyərlər ki, sən o vaxt Şuşada maraqlamışdın silah-sursatla? Rəhim Qazıyev bütün postları, batalyonları istənilən növ silahla təmin etmişdi. Mən həmişə buna görə Rəhim Qazıyevə minnətdarlığımı bildirmişəm. Məsələn, rəhmətlik Tofiq Oğuzun anbarına girmişdim, dəhşətə gəlmişdim. Nə qədər silah-sursat var idi... Amma Elbrus Orucovun dünyadan xəbəri yox udi.

    Şuşada olan silah və texnika

    Şuşada ən çox silah, texnika 777-ci batalyonda idi. 11 BMP, 3 tank, 3 BTR, minamyotlar - bu texnikaların hamısı batalyonların pozisiyalarında idi. Biri Ramiz Qəmbərovun pozisiyasında idi, biri Xəlfəlidə Fəxrəddin Səfərovun pozisiyasında və sair. Biri Cıdır düzündə idi, yarımstansiyada, zapravkanın yanında. Elbrus Orucov əmr verdi ki, bütün texnikalar pozisiyalardan çıxarılsın və bazaya yığılsın. Əgər hansısa rayonda nəsə baş versə, bu texnikalar ora getsin. Yəni 777-ni ehtiyat batalyonu etdi.

    Erməni kilsəsi ağzına kimi QRAD mərmisi ilə dolu idi . Bu deyir ki, kilsədə, İsa bulağında, sanatoriyanın qabağındakı QRAD mərmiləri yararsız idi, guya döyüş başlıqları yox idi.  Yalan söhbətdir! Hamısı döyüş vəziyyətində idi. Məsələn, 1 QRAD mərmisi 19 kvadrat metr sahəni əhatə edir. Xankəndidəki 366-cı hərbi hissəni bu QRAD-larla vurmuşduq.

    - Peşəkar hərbçilərin o vurhavurda məzuniyyətə buraxılmaları məsələsini də yalan deyir?

    - Biz Rəhim Qazıyevin yanında olanda bizi o qədər inandırdı ki, Şuşaya hücum olmayacaq, danışıqlar gedir. Ona görə də Elçin Məmmədov bütün zabit heyətinin içində dedi ki, əgər hücum olnayacaqsa, zabitləri, əsgərləri buraxım məzuniyyətə, getsinlər bayramı qeyd etsinlər. 24 nəfər peşəkar hərbçi, Elbrus Orucov da məlumatlandırılmaqla, məzuniyyətə buraxıldı...

    - Elbrus Orucovun dediyinə görə, mayın 1-dən  başlayaraq, Xocalı aeroportuna bir gündə 8-9 təyyarə enib.

    - Adam nə qədər vicdanına sığışdırmalıdır ki, bu qədər yalan danışa. 816-cı batalyonun komandiri, şuşalı Fəxrəddin Səfərov Şuşa üzərindən uçan erməni vertolyotunu pulemyotla vurmuşdu. Ondan sonra Şuşaya uçan bizim vertolyot vuruldu (28 yanvar 1992-ci il-red.). Ondan sonra Qarabağa nə Ermənistan tərəfdən, nə Azərbaycan tərəfdən vertolyot uçub. Şuşaya gələn təyyarələrə, vertolyotlara koordinatları, pozisiyaların koordinatlarını briqada komandiri verməlidir. Mayın 7-də təxminən saat 1-2 radələrində bir dənə SU təyyarəsi və onu mühafizə edən iki qırıcı vertolyot gəldi. “Tar sexi”nin yuxarısından nə qədər pozisiyalarımız var idi, hamısını döşədilər bizim uşaqların üstünə və çıxıb getdilər. Müdafiə Nazirliyində bu təyyarəyə konkret koordinasiya verməsən, uça bilməz.

    - Bir yerdə kəşfiyyata getmisiniz?

    - Bəli, Elbrus Orucov deyir ki, Azayla kəşfiyyata getmişdim. Mən ona demişdim ki, Şuşa ətrafında ermənilərin canlı texnikası toplanır, Malıbəyli tərəfdə 40 dənə BMP Topxana meşəsinə tərəf hərəkət edir. Dedim ki, inanmırsansa, gəl gedək, gözünlə gör. Aprelin 29-u, 30-u olardı. Təxminən, Kosalar istiqamətinə tərəf yollandıq. Üç kilometrədək düşmənin dərinliyinə girdik. Gördük ki, həqiqətən Şuşanı işğal etmək üçün hazırlıq gedir. Elə istəyirdik qayıdaq, əlində zənbil olan bir erməni uşağı gördük. 7-ci sinifdə oxuyurdu. Sual-cavab etdik, dedi ki, atam döyüşçüdür. Atasına yemək aparırdı posta. Dedi ki, atam evə gəlmişdi, içkili idi. Anama dedi ki, mayın 7-də Şuşaya hücuma keçəcəyik....

    Bax belə....

    Elbrus Orucov briqada komandiri idi. Bütün bu məlumatları əldə edəndən sonra silah-sursatı, texnikanı, bütün canlı qüvvəni, əli silah tutan hər kəsi Şuşanın müdafiəsinə cəlb etməli idi, tabor komandirləri ilə məxfi danışıqlar aparmalı idi. Amma bu UAZ-ı götürüb gecəykən qaçmışdı Bakıya...