XƏBƏRLƏR / Yükdaşıma

Ələt limanının dibdərinləşdirilməsi ilin sonunda başlayacaq

Bu barədə jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov məlumat verib

Ələt limanının dibdərinləşdirilməsi ilin sonunda başlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq tərəfdaşlarla birgə dibdərinləşdirmə işlərinə 2026-cı ilin sonlarında başlanacaq.

    Bu barədə jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov məlumat verib.

    O bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalması bütün Xəzəryanı ölkələr üçün ciddi ekoloji problem yaradır. Lakin hazırda limanda suyun səviyyəsinin dəyişməsi səbəbindən heç bir texniki problem yoxdur.

    "Lakin biz artıq lazımi tədbirləri görürük. Bu yay dəniz dibinin dibdərinləşdirilməsi üçün beynəlxalq tender elan edilib. Hazırda tenderin nəticələrini qiymətləndiririk. Yaxın günlərdə müqavilənin son şərtlərini razılaşdırmağı planlaşdırırıq. İnanıram ki, 2026-cı ilin sonuna qədər beynəlxalq tərəfdaşlarımızla birlikdə Xəzər dənizinin dibdərinləşdirilməsinə başlayacağıq", - deyə o bildirib.

    Baş direktor əlavə edib ki, iş təxminən bir il yarım çəkəcək:

    "Bütün texniki hazırlıq işləri, dəniz dibinin tədqiqatları və batimetrik tədqiqatlar artıq başa çatıb. Bu, profilaktik tədbirdir. Hazırda dəniz səviyyəsinin dəyişməsi səbəbindən limanın texniki tutumuna və ya gəmilərin idarə olunması qabiliyyətinə heç bir məhdudiyyət qoyulmayıb".