Əli Əsədov Tbilisidə Paşinyana cavab verdi VİDEO
Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyini bildirib
Tbilisidə keçirilən 4-cü İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ermənistan Baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirlərini şərh edib.
Ə.Əsədovun sözlərinə görə, Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib.
“Eyni zamanda, keçən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalıb”, - deyə Baş nazir qeyd edib.
Nəqliyyatla bağlı məsələlərə toxunan Ə.Əsədov Azərbaycanın 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddət çalışdığını, öz mövqeyini bildirdiyini vurğulayıb.
“Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”, - deyə Baş nazir əlavə edib.