XƏBƏRLƏR / Mədəniyyət

Əməkdar artist Cabir İmanov dəfn olunub

Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib YENİLƏNİB

Əməkdar artist Cabir İmanov dəfn olunub
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:47

    Əməkdar artist Cabir İmanov dəfn olunub.

    Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

    ***

    15:09

    Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

    Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

    ***

    14:20

    Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərhumla bağlı xatirələrini bölüşüb.

    Tahir İmanov qeyd edib ki, qardaşı Qarabağın və xüsusilə Şuşanın azad olunması xəbərini böyük sevinc və qürurla qarşılamışdı. 

    "Cabir hər həftənin sonunda bağa yox, Şuşaya getmək istəyirdi. İstəyirdi ki, Cıdır düzündə olsun. Düz 5 gün qabaq biz ailələrimizlə, balalarımızla yenə Şuşaya getdik. Keçən həftənin üçüncü günü bəstəkar Süleyman Ələsgərov barədə ailəmiz tərəfdən bədii filmin çəkilişləri oldu. Mən heç vaxt film haqda danışmıram. Amma film onun nəvə-nəticələri ilə bitir. Cabir də həmin sonluqda çəkildi. O, sanki film çəkiləndən sonra nəsə hiss edirdi. Mənə dedi ki, uşaqlar getsin, gedək gəzək. Getdik gəzdik".

    O bildirib ki, bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər:

    "Amma misal var ki, Allah kimisə ucaltsa onu heç kim alçalda bilməz. Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma məndən iki yaş balacadır. Buna baxmayaraq ondan çox şey öyrənmişəm.

    Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm”.

    ***

    13:46

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.

    Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən C.İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

    ***

    12:04

    Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.

    Vida mərasimi hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

    Mərasimdə Cabir İmanovun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edir.

    Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

    C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

    1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

    Ailəli idi, 4 övladı var.