Mədəniyyət Nazirliyində kadr islahatları
Bu barədə Mədəniyyət Nazirliyinin saytında xəbər verilib
Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.
Qeyd edək ki, S.Yusifova Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.
Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
Prezident İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncamla Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi postundan azad edilib. Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar memar Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.
Səbinə Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri olub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.