Ən çox qazanan mərhum məşhurlar siyahısında lider
“Forbes” jurnalı reytinq cədvəlini dərc edib
Maykl Cekson “Forbes”in ən çox qazanan mərhum məşhurlar siyahısına başçılıq edir. Onun ardınca Elvis Presli və “The Doors” qrupunun üzvü Rey Manzarek yer alıblar.
Maykl Cekson (1958-2009) “Forbes” jurnalının ən çox qazanan mərhum məşhurlar siyahısında birinci yeri tutub. Reytinq nəşrin saytında dərc olunub.
Jurnalın məlumatına görə, son bir ildə ən çox qazanan 13 mərhum məşhurun gəlirlərinin ümumi məbləği ötən illə müqayisədə 70 faiz azalaraq 470 milyon dollar təşkil edib. Gəlirlərin kəskin azalması qismən musiqi kataloqlarının satışının azalması ilə əlaqədardır. Lakin, vəfat edən məşhurların yarısından çoxu əqli mülkiyyətin satışı sayəsində sərvətlərini artırıblar.
Ceksonun sərvəti ötən il 115 milyon dollar artıb. Bu məbləğə müğənninin həyat və yaradıcılığına həsr olunmuş Brodvey müziklindən 85 milyon dollar gəlir daxildir. Bundan əlavə, Ceksonun sərvətinə “Michael Jackson” tamaşasından milyonlar daxil olub.
Son bir ildə sərvətinə 100 milyon dollar əlavə olunan musiqiçi Elvis Presli (1935-1977) “Forbes”in siyahısında ikinci yerdədir. Onun sərvətinə əlavə olunan əsas gəlir mənbəyi son 12 ayda təxminən 600 min insanın ziyarət etdiyi Memfisdəki (Tennessi ştatı) malikanədir. Üçüncü yeri sərvəti bir ildə 45 milyon dollar artan “The Doors” qrupunun qurucularından biri və üzvü Rey Manzarek (1939-2013) tutub.