SEPAH daxilində ciddi parçalanma
Azərtac: Məxfi məlumatlar xaricə bu təşkilat tərəfindən ötürülür?
Bu günün İranın daxilində baş verən proseslər onun beynəlxalq aləmdəki vəziyyətindən daha çox maraq kəsb edir. Uzun illər davam edən və heç bir uğur qazanmayan siyasi ambisiyalar ölkəni dalana dirəyib. İran rejiminin həyata keçirdiyi destruktiv siyasət nəticəsində ölkə beynəlxalq sanksiyalarla üz-üzə qalıb. Bu səbəbdən özünə azacıq da olsa hörmət edən dövlət İran ilə bir arada olmaq istəmir. Faktiki olaraq terror dövlətinə çevrilən İranın ağır günlərini daxildəki parçalanma daha da ağırlaşdırır.
İran rejimini qoruyub saxlayan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) beynəlxalq aləmdə terrorçu təşkilat kimi tanınır ki, bu da qurumun generallarını çox narahat edir. Onlar xarici banklardakı aktivlərindən istifadə edə bilmir, Yaxın Şərqdəki proksi qruplaşmalarını saxlamaqda çətinlik çəkir, ölkə daxilində isə nüfuzdan həddən artıq dərəcədə düşüblər.
Ötən ilin sentyabrında Tehranda 22 yaşlı qızın polis zorakılığına məruz qalaraq ölməsindən sonra başlayan kütləvi aksiyaların yatırılmasında SEPAH və ona bağlı olan “Bəsic” könüllüləri xüsusi qəddarlıq nümayiş etdirdilər. Aksiyalar səngimədi, lakin bunun müqabilində SEPAH xaricdə olduğu kimi, daxildə də terrorçu təşkilat olaraq qəbul edildi. Bütün bunlar böyük qüvvəyə malik hərbi strukturu - SEPAH-ı qane edə bilməz. Rejimin çirkli işlərini həyata keçirən SEPAH artıq öz adamlarını da siyasi sektorda yerləşdirməkdə çətinlik çəkir. Bütün bunları nəzərə alan SEPAH generallarının bir qismi vəziyyətin belə davam etməsindən bezib və çevrilişə can atırlar.
SEPAH daxilində parçalanma, əslində, yeni xəbər deyil. Hələ 2019-cu ildə SEPAH-ın Qüds bölməsinin komandanı general Qasım Süleymaninin Bağdad hava limanında qətlə yetirilməsi geniş araşdırmaya səbəb olsa da, sonradan məsələ ört-basdır edildi. İran parlamenti generalın qətlinin araşdırılmasını tələb etsə də, buna məhəl qoyan olmadı. Həmin il Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran üzərində müəmmalı şəkildə raketlə vurulmasının da sirri açılmadı. SEPAH-a məxsus hərbi bazadan təyyarənin hansı səbəbdən vurulması hələ də aydın deyil. Bütün bunlardan başqa, 2020-ci ildə İranın tanınmış nüvə alimi, bu ölkənin “nüvə proqramı”nın reallaşmasında böyük xidmətləri olmuş Möhsün Fəxrizadənin (mühafizəçi və xüsusi xidməti maşınla gəzməsinə baxmayaraq) Tehranda günün günorta çağı terror aktına məruz qalması da sirr olaraq qaldı. Həmin dövrdə SEPAH generallarının bir-birini vəzifəsini layiqincə yerinə yetirməməkdə ittiham etməsi açıq-aydın şəkildə göstərirdi ki, bu təşkilatın sıralarında güclü parçalanma mövcuddur. SEPAH siyasi partiya deyil ki, onun parçalanması nəticəsində bir-birini ittiham edən iki siyasi qüvvə meydana çıxsın. Belə böyük hərbi qurumun parçalanması mütləq fəsadlar törədəcək. Bu gün İranda həmin fəsadlar özünü büruzə verir. Yuxarıda qeyd edilən hadisələr SEPAH daxilində ciddi parçalanmanın olmasını və məxfi məlumatların xarici dövlətlərin xüsusi xidmət orqanlarına məhz bu təşkilat tərəfindən ötürüldüyünü deməyə əsas verir.
İranın mühacir mətbuatı yazır ki, SEPAH artıq hərbi qurumdan biznes qurumuna çevrilib. Beynəlxalq sanksiyaların təsiri ilə biznesini inkişaf etdirə bilməyən və ölkədəki nüfuzunu itirən SEPAH bu vəziyyətlə barışmayaraq Ali Lider Əli Xamneyini devirmək və siyasi kursu dəyişmək qərarına gəlib.
Yuxarıda deyilənləri nəzərə alaraq, SEPAH-ın gizli iclaslarının aşkar edilməsini də təsadüf kimi qiymətləndirmək olmaz. Hələ də Əli Xamneyinin yanında yer alan SEPAH generalları Ali Liderə sədaqətlərini nümayiş etdirib “bəzi satqınlar”ın gizli iclasını aşkarlayaraq mövcud rejimin yanında daha böyük mənsəbə sahib olmaq istəyirlər.
SEPAH-da parçalanmanın aşkar edilməsi onun sıralarının təmizlənməsinə rəvac verib. Lakin böyük şəbəkəyə malik SEPAH-ın tam təmizlənməsi də şübhəlidir. Elə generallar var ki, onları, necə deyərlər, heç yerindən tərpətmək mümkün deyil. Bütün bunlar isə onu deməyə əsas verir ki, əgər SEPAH Əli Xamneyini təmizləməyi qarşısına məqsəd qoyubsa, buna gec-tez nail olacaq.