Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96%-dən 10%-ə qədər azalıb.
Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın seçimi olub.
“Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib. Onlar hələ də 2021 və ya 2022-ci il üçün müqavilələr üzrə nəzərdə tutulan silahları tam çatdırmayıblar”, - Qriqoryan bildirib.
Ermənistanla Rusiya arasında təhlükəsizlik sahəsində münasibətlərin necə inkişaf edəcəyinə gəlincə, Təhlükəsizlik Şurasının katibi deyib ki, bu, Rusiyanın bütün mövcud problemlərə necə reaksiya verəcəyindən asılıdır.
Təchizatdan imtinanın nə ilə əsaslandırıldığını soruşduqda, Qriqoryan Ermənistanda əsas səbəbin Ukrayna ilə müharibə olması ilə bağlı izahat eşitdiklərini söyləyib.
“Ancaq 2021-ci ildə imzalanmış müqavilələr də var. Ad çəkmək istəmirəm, bir dəfə Ermənistandan olan yüksək rütbəli məmura demişdilər ki, əgər Rusiya bizə silah-sursat versə, mövqelərimiz daha da sərtləşəcək və bu da bir səbəbdir ki, onlar tədarükü dayandırıblar”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.