Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb
Bu barədə Pakistanın Baş naziri sosial şəbəkədə məlumat verib

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti R.T.Ərdoğanla telefonla danışıb. O, bu barədə sosial şəbəkədəki paylaşımda xəbər verib.
Paylaşımda deyilir:
"Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım və ona bu kritik anda Pakistana göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür etdim. Hindistanın dünənki dəhşətli raket zərbələrinin qurbanları üçün türk qardaşlarımızın dualarını yüksək qiymətləndirirəm. Düşməni öz şücaəti və peşəkarlığı ilə dəf edən silahlı qüvvələrimizin rəşadətli səyləri barədə ona məlumat verdim. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun müdafiə edəcəyik. Pakistan Cənubi Asiyada gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır".