XƏBƏRLƏR / Siyasət

Ərdoğan Zelenski ilə görüşüb FOTO

YENİLƏNİB

Ərdoğan Zelenski ilə görüşüb FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:13

    Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.

    Bu barədə V.Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə danışıb.

    V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır.

    "Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram", - o vurğulayıb.

    Ukrayna lideri, həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal layihələrindən də danışıb. Bildirib ki, bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr aparıb.

    "Ortaq istehsal layihələri və siyasi müstəvidəki əməkdaşlığımızı da müzakirə etdik", - deyə o bildirib.

    Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.

    ***

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

    Bunu Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

    O bildirib ki, Rusiya və Ukrayna arasında İstanbul görüşləri zamanı humanitar məsələlərdə irəliləmə mümkün olub:

    "Bu görüşlər zamanı tərəflər arasında atəşkəs, sülh, eləcə də hərbi məsələlər müzakirə olunub. Bunlar çox böyük addımlardır. Bugünkü görüşdə də İstanbul görüşlərinin davam edilməsinin gərəkliliyini vurğuladıq. Müharibənin dərinləşdiyi dövrdə İstanbul görüşlərinin diplomatik həllə yönəlmiş addımlarda önəmli olduğunu bildirdik. Enerji resurslarına yönəlmiş hücumlar və həlak olanların artması hər iki tərəf üçün böyük dağıntı və insan tələfatına səbəb olur".

    Daha sonra Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək.

    Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər:

    "Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə aramızda tarixi və mədəni bağ olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm".

    ***

    19:36

    Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

    Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və Prezidentin baş xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

    Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.