Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib.
Bəyanatda ərazilərinin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb.
Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını dəstəkləyib.
Bu arada Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram da bütün ermənilərin katolikosu II Qareginlə əlaqə saxlayaraq, Erməni Apostol Kilsəsinin bəyanatını tam dəstəklədiyini bildirib.
Katolikoslar Ermənistanın üzləşdiyi problemlər, xüsusən də Tavuşdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Onlar erməni xalqını və Ermənistanı narahat edən problemlərin aradan qaldırılmasında erməni kilsəsinin əsas rolunu vurğulayaraq görüşlərini davam etdirmək qərarına gəliblər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır.
Bununla da Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya qarşı yönəlmiş etiraz yürüşünə eyham vurub.
Onun fikrincə, bu hərəkatın məqsədi eks-prezident Robert Köçəryanın hakimiyyətə qayıtmasıdır.
Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.
Eçmiədzin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.
Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.