“Erməni soyqırımı”nın inkarına görə cəza olmayacaq
Ermənistan parlamenti müxalifətin bunu nəzərdə tutan qanun layihəsini rədd edib

Ermənistanda “erməni soyqırımı”nın inkarı cəzalandırılmayacaq.
Ermənistan parlamenti müxalifətin “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib.
Qanun layihəsini hərbi cani Robert Köçəryanın “Hayastan” fraksiyası təqdim edib.
Hakim “Mülki Müqavilə” fraksiyası Cinayət Məcəlləsindəki mövcud maddəyə (baxmayaraq ki, bu, ümumi xarakter daşıyır və bütün soyqırımlara şamil edilir) istinad edərək, buna qarşı çıxıb.
Yekunda hökumətyönlü 58 deputat əleyhinə səs verib və qanun layihəsi, lehinə cəmi 26 səs toplayaraq rədd edilib.
Bundan başqa, Ermənistan Milli Assambleyasının növbədənkənar sessiyasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi haqqında” bəyanat layihəsi müzakirə olunub və səs çoxluğu ilə qəbul edilib.
Müxalifət səsvermədə iştirak etməyib və zalı tərk edib.