MÜSAHİBƏ

Ermənilərə aid yolu çəkməmələri həm də iqtisadi zəiflikdir

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ANS Press-ə müsahibəsində belə deyib

Ermənilərə aid yolu çəkməmələri həm də iqtisadi zəiflikdir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Gorus-Azərbaycan sərhədi-Xankəndi alternativ yolu hazır olmadığına görə aprelin 1-dən, əvvəlcə deyildiyi kimi, açılmayacaq. Ermənistan tərəfi cəmi 10 kilometrlik hissədə hələ indi asfaltlama işlərinə başlayıblar

    Ermənilər üçün bu qədər vacib olan yolun təhvil verilməsi niyə gecikdirilir? Bu və digər suallara nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ANS Press-ə müsahibəsində danışıb:

    - Ermənilər onlara aid cəmi 10 km-lik yolu niyə vaxtında bitirə bilmədilər? Bu siyasi, yoxsa istisadi məsələdir? 

    - 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatda qeyri-müəyyən bir fikir var ki, yeni alternativ yol üç il ərzində çəkilməlidir. Üç ilin də tamamlanması bu ilin noyabrında baş verəcək. Azərbaycan tərəfi bu işi çox operativ icra etdi, çox qısa zamanda və mürəkkəb dağlq relyefdə, tam sərhədə kimi ümumi 22 kilometrlik yol artıq istifadəyə verilib. Erməni tərəfində olan dağlıq və qismən dağətəyi ərazidə işlər görülür. Yalnız sürət bizdən çox fərqlidir. Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən bizdən zəif olduğuna görə yolu dediyi vaxtda təhvil verə bilmədi. Belə işlərdə əsas dəstək dövlətdən gəlməlidir. Görünür, bu onlarda başqa cürdür.

    - Azərbaycan tərəfi iki dəfə artıq məsafəni cəmi 12 aya saldı. Özü də çətin dağ relyefində, dediyiniz kimi. Əgər üç il ərzində nəzərdə tutulmuşdusa, Ermənistan niyə aprelin 1-nə yolu açmağa söz vermişdi?

    - Ermənilər fərqli məlumatlar yaymışdılar, əvvəlcə deyilmişdi ki, aprelin 1-də təhvil verilir, sonradan son məlumat aprelin 30-na deyilib. Mənim bildiyimə görə torpaq işlərini bitiriblər. Asfalt-beton örtüyünün döşənməsi işləri başlanmalı idi. Güman ki, aprel ayı ərzində bitirərlər.

    - Yeni yol açılandan sonra köhnə yol bağlanacaq? Yoxsa sülh müqaviləsi imzalanarsa, gediş-gəliş üçün istifadə olunacaq?

    - Köhnə 23 kilometrlik yol sırf Laçın şəhəriinin içindən keçirdi. Təbii ki, Azərbaycan vətəndaşları ondan istifadə edəcəklər. Köhnə yolu həm də ənənəvi yol adlandırmaq olar – Yevlax-Xocalı-Laçın yoluna (indeks: R-28) Xankəndi şəhərinə giriş yolları də qismən qoşulur. Bu yolun ikinci hissəsində (indeks: R-37), yəni Laçın-Zabux-Ermənistan dövlət sərhədi yolu - yeni alternativ yol çəkildi, düzdür, hələ indeks almayıb. Yeni yolu təhvil vermədiyinə görə Ermənistan qismən köhnə R-37 yolundan istifadə edir. Azərbaycan tərəfi hələ də humanizm nümayiş etdirərək, bu yoldan istifadəyə icazə verir.

    Qeyd edim ki, gələcəkdə yol tam istifadəyə verildikdən və gömrük, sərhəd xidmətlərinin postları qurulduqdan sonra keçid məntəqlərinin sayı da arta bilər. Onsuz da Azərbaycan tərəfinin çəkdiyi yeni yolda bütün infrasktruktur hazırdır, 

    - Təşəkkür edirəm müsahibəyə görə. 

    - Buyurun!