Ermənilərin məhkəməsi davam edib YENİLƏNİB
Proses Bakı Məhkəmə Kompleksində gedir

23:10
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.
Bakı Məhkəmə Kompleksində Hərbi Məhkəmənin hakimləri Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmənin baxış iclası zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədləri, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomaterialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərlə bağlı ekspert rəylərini açıqlayıb.
Vurğulanıb ki, SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlər törətmələri faktları ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə edilib.
SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zori Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.
Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.
Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin “müdafiə naziri”, “Təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.
Şahid qismində dindirilmiş Yuriy Cahangiryan ifadəsində göstərib ki, Qarabağ İpək Kombinatında partiya təşkilat katibi vəzifəsində çalışan Robert Köçəryan “Krunk” adlı erməni millətçi təşkilatının fəal üzvü kimi çıxış edərək, azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarının təbliğinə başlayıb.
Bundan sonra məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların təqsirləndirilən şəxslərə suallar vermələri ilə davam etdirilib.
Təqsirləndirilən Arkadi Qukasyan elan olunan ifadələr və təqdim edilən digər sübutlarla bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırmaq üçün məhkəmədən növbəti iclasadək ona vaxt verilməsini xahiş edib.
Məhkəmə iclasına sədrlik edən hakim onun xahişini nəzərə alıb və növbəti məhkəmə iclasında sualları cavablandırmasına şərait yaradılacağını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq deyib: “1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib: “Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib: “Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksəkvəzifəli şəxsi öldürüblər”.
A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.
O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən “Təhlükəsizlik şurasının katibi” təyin etdiyini bildirib.
A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.
Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onun barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Xəlfəliçay üzərindəki körpünün partladılması barədə eşitdiyini deyib. O, məhkəmədə əməlləri sadalanan Murad Petrosyanla ünsiyyətinin olmadığını da vurğulayıb və bildirib: “O, 2020-ci ildə Xankəndidə yolu bağlayan etirazçıları müdafiə edirdi”.
Ardınca dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən Bako Sahakyan və David İşxanyana suallar verilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan körpünün partladılmasını pislədiyini qeyd edərək deyib: “Bu kimi halları tənqid edir və pisləyirəm”.
Təqsirləndirilən şəxs David İşxanyan suallara cavab verərkən Xəlfəliçay çayı üzərindəki körpünün partladılması hadisəsi barədə məlumatsız olduğunu, bu barədə ilk dəfə məhkəmədə eşitdiyini bildirib.
Daha sonra məhkəmədə Bağanıs-Ayrım epizodu üzrə hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri, habelə ekspertiza rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
***
15:40
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Xocalıda, Şuşada və Xankəndidə kütləvi iğtişaş faktları ilə bağlı SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri A.İ.Nikolayev tərəfindən 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə olunub.
Prosesdə iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsi elan olunub. Murad Petrosyanın sürücüsü olmuş A.Abramyan bildirib ki, M.Petrosyan Xankəndi şəhər sovetində deputat otağında Robert Köçəryan görüşüb. R.Köçəryan Xankəndi şəhər sovetinin sədri Maksim Babayanın bir nömrəli adamı olub. DQMV-nin Partiya Komitəsinin sədri Henrik Poqosyan isə bütün erməni milli hərəkatına rəhbərlik edib.
Şahidin sözlərinə görə, Robert Koçəryan, Maksim Babayan və Henrik Poqosyan adları qeyd olunmuş erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxsləri çağıraraq bildiriblər ki, tezliklə DQMV Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirməli, bütün qüvvələri səfərbər edərək azərbaycanlıları həmin ərazilərdən çıxarmalıdırlar. Eyni zamanda, həmin şəxsləri bu məqsədlə azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. 1991-ci il yanvarın ortalarında o, M.Petrosyanla Xankəndi şəhər sovetinin binasının yaxınlığında olarkən Akop adlı erməniəsilli şəxs onlara yaxınlaşıb, iki gün əvvəl Xankəndi şəhər polis idarəsinin rəisi Yuri Kovalyova avtomat silahla sui-qəsd etdiklərini, lakin sonuncunun ölmədiyini məruzə edib. O, söhbət zamanı həmin sui-qəsdin Murad Petrosyanın göstərişi ilə Akop, Armen və Samvel tərəfindən həyata keçirildiyini, M.Petrosyanın hər üç şəxsi silahla təchiz etdiyini anlayıb. Yerevan şəhərindən Azərbaycan torpaqlarına silahlar Ermənistanın milli ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Silahlar helikopterlər vasitəsilə Ermənistandan Əsgəran şəhərindən başqa digər böyük şəhərlərə göndərilib, hər rayon üzrə erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən qəbul edilib, bundan sonra erməni silahlı birləşmələrinin üzvlərinə paylanıb. Erməni silahlı birləşməsinin Aşot və Qaqo adlı üzvləri 1989-cu ilin oktyabr ayının əvvəllərində Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədilə “Zərinbağ” adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb, avtobus gecikdiyinə görə partlayış nəticəsində həmin vaxt yoldan keçən “KAMAZ” markalı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
15:14
Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub.
Bu sözlər bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın ifadəsində yer alıb.
O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıblar. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Köçəryan qəbul edərək paylayıb. Robert Köçəryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib. M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.
1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Köçəryanın qəbul etdiyini bildirib.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab veriblər.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.