Ermənistan müxalifəti parlamentin iclasını tərk etdi FOTO
Köçəryan-Sarkisyan müxalifəti revanşizm siyasətindən əl çəkmir

Ermənistan parlamentində Ermənistan və Azərbaycan dövlət komissiyalarının delimitasiya üzrə işinin reqlamentinin müzakirəsi müxalifətsiz gedir, Ermənistan KİV-i xəbər verir.
Hərbi canilər Köçəryan və Sarkisyana məxsus iki müxalifət fraksiyaları - “Ermənistan” və “Mənim şərəfim var” - müzakirələr başlamamış iclas zalını tərk ediblər.
Hakim “Mülki Müqavilə” partiyasından olan fraksiya katibi Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb: “Müxalifət hər dəfə səs vermək əvəzinə, hətta onun əleyhinə belə, məsuliyyətli qərarlar qəbul etməkdən qaçmağa üstünlük verir”.
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və ərazisi olaraq qalır."
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlament tribunasında müxalifətçi deputat Qeqam Manukyanla şifahi atışma zamanı deyib.
“Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb, bunun üzərində tezislər qura bilərsiniz, istəyirsizsə nəyisə sübut etməyə çalışın, amma fakt faktlığında qalır: bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də ərazisidir”, - Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda əməliyyatı “ən azı BMT Təhlükəsizlik Şurasının 3-4 qətnaməsi” əsasında həyata keçirib.
Xatırladaq ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin süqutu zamanı istifadə olunmuş xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini ölkə Konstitusiyasına uyğun olaraq tanıyıb. Bir gün əvvəl parlamentin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.