Ermənistan XİN Kılıcla Rubinyanın danışıqları haqda
Xüsusi Nümayəndələr heç bir ilkin şərt olmadan prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqlədilər

Sentyabrın 12-də İrəvanda Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç altıncı görüşü keçirib.
Bu görüş zamanı Xüsusi Nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini inkişaf etdirmək məqsədilə əvvəlki görüşlərdə işlənib hazırlanmış və razılaşdırılmış məsələləri bir daha təsdiqləyiblər. Bu kontekstdə sərhədin demarkasiyası ilə bağlı 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş razılaşmanın icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər.
Xüsusi Nümayəndələr, həmçinin iki ölkənin müvafiq qurumlarının Gümrü-Qars dəmir yolu və elektrik xəttinin bərpası və istismarı üçün lazımi texniki araşdırmalar aparması barədə razılığa gəliblər.
Onlar həmçinin mədəni və akademik sektorlarda əməkdaşlığın gücləndirilməsi, xüsusən də ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi Ani/İpək Yolu Körpüsünün birgə reabilitasiyası yolu ilə səylərin göstəriləcəyi barədə razılığa gəliblər.
Xüsusi Nümayəndələr həmçinin 2026-cı ilin yayından etibarən digər maraqlı şirkətlərin müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməsi üçün lazımi işlərin görülməsinə razılıq veriblər ki, bu da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artıracaq.
Sonda Xüsusi Nümayəndələr heç bir ilkin şərt olmadan bu prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqlədilər.