Ermənistan Zəngəzura yol açmasa, yol İrandan keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərindən qayıtdıqdan sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur və Laçın dəhlizləri ilə bağlı bunları deyib:
(Zəngəzur dəhlizi) Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik.
Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır.
“Ermənistan bu məsələyə yol açmasa, İrandan keçəcək”
(Naxçıvana səfər) Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Naxçıvandan, Ermənistandan keçərək Azərbaycana gedəcək. Ermənistandan keçməyə gəlincə. Ermənistan bu məsələyə yol açmasa, hara gedəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və buna müsbət baxdığı üçün indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq. Digər tərəfdən, bizim bu səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, iki dövlət, bir millət ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu hayqırmışıq, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik.
“Ən rasional yol resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır”
(İsrail ilə enerji qazma işləri) Xarici İşlər Nazirliyimiz səfər tarixi ilə bağlı işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən edə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr aylarında olacaq. Bu səfərin ən uyğun zamanda baş verməsini təmin etmək üçün görüş trafiki davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin xarici işlər nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik. Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq edirik. Yeni əməkdaşlıq sahələrinin olması da faktdır. Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Biz bunu son iclasımızda müzakirə etdik və işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər verdik. Ən qısa zamanda həm Türkiyədə, həm də İsraildə keçirəcəyimiz görüşlərdə marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik.