Ermənistana imtina verildi
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata əsasən, iclasda Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib.
Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindən Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyi qəbul edilib.
Qeyd edək ki, ölkəmiz Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub (Təşkilat 17 oktyabr 1953-cü ildə Belçikada yaradılıb).
Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir.
Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək.
Onu da qeyd edək ki, iclas çərçivəsində Ermənistanın təqdim etdiyi sənədlərə də baxılıb və sənədlər qurumu qane etməyib.