XƏBƏRLƏR / Seçki

Ermənistanda "sükut günü" başlayıb

Sabah - iyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Ermənistanda "sükut günü" başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində partiya və blokların təşviqat aparmasının qadağan olunduğu "sükut günü" başlayıb.

    Qadağa Ermənistan vaxtı ilə gecə yarısında qüvvəyə minib.

    Ölkə qanunlarına görə, bu gün seçki subyektlərinin liderləri və nümayəndələrinə tərəfdarları ilə görüşlər keçirmək, mediada və sosial şəbəkələrdə təşviqat materialları dərc etmək, televiziya və radioda çıxış etmək qadağandır.

    Şəhər küçələrində artıq asılmış bannerlər və plakatlar qala bilər; onların yığışdırılması qanunla tələb olunmur. Sükut günündə seçkilərdən əvvəl son hazırlıq işləri də seçki məntəqələrində aparılacaq. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə qutuları və lazımi avadanlıqlar quraşdıracaqlar. Ənənəvi olaraq, seçki məntəqələrinin xeyli hissəsi təhsil müəssisələrində yerləşir.

    Ekspertlərin və ölkədə aparılan sosioloji araşdırmaların nəticələrinə görə, "Güclü Ermənistan" blokunun lideri, iş adamı Samvel Karapetyan seçkilərdə hazırkı Ermənistanın baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" partiyasının əsas rəqiblərindən biri olacaq.

    Qeyd edək ki, Ermənistan parlamentinə seçkilər sabah keçiriləcək. Qanunvericilik məhdudiyyətlərinə görə müəyyən partiyalara əlavə mandatların verilməsi ilə bağlı müddəalar tətbiq edilmədiyi təqdirdə, minimum 105 deputat seçiləcək. Ermənistan Parlamenti proporsional sistemlə, yəni yalnız partiya siyahıları ilə seçilir. Ermənistanın 9-cu parlamentindəki yerlər uğrunda 18 siyasi qüvvə - 16 partiya və iki partiya bloku mübarizə aparır. Parlamentə daxil olmaq üçün limit partiyalar üçün 4%, bloklar üçün isə 8% təşkil edir.