Gürcüstanda prezident seçkiləridir BİRBAŞA / YENİLƏNİB
MSK: Prezident seçkiləri baş tutub
13:00
Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.
Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.
Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.
***
10:33
Bu gün səhər Gürcüstan parlamentində prezident seçkiləri başlayıb. Səsvermə saat 14:00-dək davam edəcək.
Parlamentdə seçkilərlə bağlı “sarı səviyyə” mühafizə rejimi tətbiq edilib, bu da o deməkdir ki, binaya yalnız səlahiyyətli şəxslər tərəfindən dəvət edilmiş seçki kollegiyasının üzvləri və xüsusi akkreditasiyaya malik jurnalistlər buraxılır.
Seçkilər Gürcüstanda müxalifətin etirazları fonunda keçirilir. Etirazçılar artıq şəhərin mərkəzi prospektini bağlayıb, həmçinin parlamentə bitişik küçədə yerləşirlər. Parlament binasının özü polis tərəfindən mühasirəyə alınıb.
Seçkiləri Mərkəzi Seçki Komissiyası keçirir. Artıq iclas zalında xüsusi qutular quraşdırılıb.
Bütün proses parlamentin saytında və sosial şəbəkələrdə canlı yayımlanacaq. Seçkilərin nəticələrinə Gürcüstan Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulacaq.
Konstitusiyaya görə, Gürcüstan prezidenti ilk dəfə parlamentdə açıq səsvermə yolu ilə müzakirəsiz 300 nəfərlik kollegiya tərəfindən seçilir. Birinci turda seçkidə ən azı 2/3 səs toplayan namizəd qalib gəlir.
Səsvermə heyətinə 150 parlament üzvü, Acarıstan Muxtar Respublikası Ali Şurasının 21 üzvü, Abxaziya Muxtar Respublikası Ali Şurasının 20 üzvü və yerli məşvərət orqanlarının 109 üzvü daxildir.
Kollegiyadakı 300 nəfərdən 211-i hakim “Gürcü Arzusu” partiyasının təmsilçiləridir ki, bu da müxalifətin dəstəyi olmadan prezidenti seçmək üçün tələb olunan minimumdan çoxdur.
Müxalifətin ümumilikdə 69 seçicisi var: “Dəyişiklik üçün Koalisiya” (20), “Birlik – Milli Hərəkat” (20), “Güclü Gürcüstan” (15) və “Gürcüstan Naminə” (14).
Abxaziya Ali Şurasından olan qalan 20 seçicinin heç bir partiyaya mənsubiyyəti yoxdur. Gürcüstan hakimiyyəti bu əraziyə nəzarət etmədiyi üçün bu qanunverici orqanın üzvləri seçilmiş deyil, təyin edilir.
Seçicilər Kollegiyasının məhdud seçimi var - prezidentliyə namizədi yalnız hakim partiya irəli sürüb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dörd müxalifət qüvvələrinin hamısı tam saxtakarlıq edildiyini əsas gətirərək, mövcud qanunverici orqanda işləməkdən imtina ediblər.
Müxalifət, onu dəstəkləyən Gürcüstan Prezidenti Salome Zurabişvili və qeyri-hökumət təşkilatları 11-ci çağırış parlamenti qeyri-legitim adlandırır. Onlar yeni prezidenti də qeyri-legitim hesab edəcəklər.
Gürcüstan prezidentliyinə yeganə namizəd Gürcüstanın futbol üzrə milli komandasının sabiq hücumçusu, Gürcüstan parlamentinin üç çağırış deputatı Mixail Kavelaşvilidir.
Hakimiyyətin əleyhdarları Kavelaşvilinin ali təhsil diplomunun olmamasına diqqət çəkərək bu seçimi ələ salıblar. Hakim partiya bəyan edib ki, Kavelaşvilinin siyasətdə böyük təcrübəsi var və onun əsas üstünlüyü vətənpərvərlikdir.
Konstitusiyaya görə, 40 yaşına çatmış, ən azı 15 il ölkədə yaşayan səsvermə hüququna malik ölkə vətəndaşı Gürcüstan prezidenti ola bilər. Prezident beş il müddətinə seçilir.
Qeyd edək ki, Gürcüstanın altıncı prezidentinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Prezidentlik müddəti dekabrın 16-da başa çatacaq Zurabişvili prezident iqamətgahını, Tbilisinin mərkəzindəki Orbeliani sarayını tərk etməkdən imtina edir. Prezident sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Görəcəyik kimin gedəcək. Zurabişvili iddia edir ki, ölkə rəhbərliyi yeni parlament seçkiləri ilə dəyişənə qədər hökumətin yeganə qanuni nümayəndəsi yalnız o ola bilər.