Ermənistanda təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb FOTO
Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi xəbər verir
Ermənistan Daxili İşlər Nazirliyinin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mayın 26-na keçən gecə saat 00:40-da Debed çayının məcrasından çıxması və qonşu yaşayış məntəqələrinin sakinləri üçün ekstremal vəziyyət yaratması barədə ilk zənglər daxil olub.
Nəticədə Vanadzor-Alaverdi hissəsində M6 avtomobil yolunun 31 km-i su altında qalıb, Ermənistanı Gürcüstanla birləşdirən bu avtomobil yolunun təxminən 50 m hissəsi dağılıb.
Tavuşda 2 körpü uçub, 1-i zədələnib, 3 yaşayış binası dağılıb, 45 ev, 2 otel və 18 başqa müxtəlif tikili su altında qalıb.
Lorinin 2,5 minə yaxın sakini elektrik enerjisindən məhrum olub, daha 1 minə yaxını Tavuşda daşqınlar səbəbindən işıqsız qalıb, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib.
Ümumilikdə, təbii fəlakət zonasında 17 körpü dağılıb, onlardan 5-6-sı böyük olub. Lakin ötən gün güclü yağışdan sonra keçilməz olan Baqrataşen keçid məntəqəsindən Ermənistan-Gürcüstan dövlət sərhədinə gedən yol artıq açıqdır.
Ayrum stansiyasında bir sıra evləri su basıb. Yolun Şnoq kəndindən Tequta doğru olan hissəsində avtomobil çaya düşüb. İlkin məlumata görə, bir nəfər ölüb.
Ermənistanın daşqından zərər çəkmiş hər iki bölgəsində - Lori və Tavuşda qəza-xilasetmə işləri aparılır.