BLOQ

Ermənistanın Atatürk anı və ya...

Məğlubiyyət Partiyasının qələbəsi

Ermənistanın Atatürk anı və ya...
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Uşaqlıqdan eşitmişəm ki, Allah bir qapını bağlayanda mütləq digərini açır. Böyüdükcə bunun şahidi də olmuşam. Tanrı bəzən qalibləri yox, məğlubları mükafatlandırır — yeni açılan qapı vasitəsilə. Bəzən də xalqları qələbələr qazandıqlarına görə deyil, xəyallarını itirdiklərinə görə böyüdür və mükafatlandırır.
    Ermənistanda keçirilən son seçkilər də belə hadisələrdən biridir.

    Formal olaraq Nikol Paşinyan qalib gəldi. Lakin əslində seçkilərdə qalib gələn nə Paşinyan idi, nə də onun partiyası. Qalib gələn reallıq oldu. Məğlub olan isə əsrlərlə erməni cəmiyyətinin beynində qurulmuş siyasi fantaziya imperiyası idi. Çünki bu seçkilər bir siyasətçinin yox, bir mifologiyanın referendumuna çevrilmişdi.

    XƏYALLARIN DAĞILMASINDAN SONRA
    Həqiqət hər zaman mövcuddur və dövlətlərin ən böyük problemi həqiqətin yoxluğu deyil. Problem xalqların həqiqəti eşitmək istəməməsi, özlərinə xəyali ideya yaradaraq onun içində əsrlərlə yaşamasıdır. 

    Əsrlər ərzində erməni cəmiyyətinə bir neçə sadə və rahat fikir satılmışdı: “Qarabağ Ermənistanın torpağıdır”, “Rusiya Ermənistanın ən böyük və etibarlı müttəfiqidir və hər zaman köməyə gələcək”, “Qərb Ermənistanı tək qoymayacaq”, “Tarix ermənilərin tərəfindədir", “Ermənilər Tanrı tərəfindən seçilmiş millətdir və O, onları daim qoruyacaq”.

    Sonra tarix müəllimi gəldi və bu tezislərin hər birini bir-bir yoxladı. Qarabağ getdi, amma Rusiya gəlmədi. Qərb yalnız quru bəyanatlar verdi. Tarix isə heç kimin tərəfində olmadığını nümayiş etdirdi. O ki qaldı Tanrıya... Məncə, Rəbbin adını boş yerə çəkməsək, daha yaxşı olar.

    İndi maraqlı sual yaranır: bir xalq öz miflərini itirdikdən sonra necə yaşayır? Əksər xalqlar günahkar axtarışına çıxır. Bəziləri yeni mif yaradır. Çox az hissəsi isə reallıqla yaşamağa başlayır. Bax, Ermənistandakı son seçkilərin mənası məhz burada gizlənir.

    PAŞİNYANI SEÇDİLƏR, YOXSA RƏQİBLƏRİNİ SEÇMƏDİLƏR?
    Mənim təcrübəm göstərir ki, seçici həmişə ən yaxşı namizədi seçmir. Sadəcə, ən təhlükəli görünəni seçməməyə çalışır və digərini — ondan daha az təhlükəli hesab etdiyini seçir. Ermənistan seçkiləri də bir qədər buna bənzəyir. Sual budur: ermənilər Paşinyanı seçdilərmi? Yoxsa onun rəqiblərini seçmədilər? 

    Müharibədə məğlub olmuş lider yenidən hakimiyyətə gəlirsə, deməli, məsələ liderdə deyil. Deməli, seçici keçmişə qayıtmaq istəmir. Bu, Paşinyanın gücü deyil. Bu, köhnə siyasi sinfin zəifliyidir. Bəzən seçkiləri qaliblər qazanmır. Məğlubiyyətlər qazanır.

    ONLAR TORPAQLARI YOX, İLLÜZİYANI İTİRDİLƏR
    Dostum bir dəfə məndən soruşdu:
    — Niyə sənin “Yaddaş”, “Xoca”, “Qanlı Yanvar” və digər filmlərində qəhrəmanlar həlak olur və müharibəni uduzur?
    Ona cavab olaraq dedim ki, əslində mənim filmlərimdə qəhrəmanlar deyil, müharibələrin özü uduzur. Sadəcə, tamaşaçı bunu görsə də, etiraf etmək istəmir.

    Ermənistanın hekayəsi də bir qədər buna bənzəyir. 2020-ci ildə hərbi məğlubiyyət baş verdi. Lakin seçkilər göstərdi ki, Ermənistanın problemi bu müharibə və ya tankların məhv olması deyildi. Əsl sarsıntı millətin yanlış siyasi ideyasının, xəyalının dağılması idi. Və ən maraqlısı odur ki, məhz bu ağrı və qan içindən doğulan yeni Ermənistan konsepsiyası millətin gözlərindən qanı silib aça bilər. Bəli, insan torpaq itirəndə qəzəblənir. Amma illüziya itirəndə yenilənir və aydın görür ki, nə bu “itirilən” torpaqlar, nə də həmin ideya real olub. Onlar, sadəcə, XIX əsrin romantik şairlərinin xəritə üzərində çəkdiyi poetik sərhədlər idi.
    Bu seçkilər göstərdi ki, erməni cəmiyyətinin müəyyən hissəsi artıq revanşizmin göbəyini kəsərək gözlərini sabitliyə və inkişafa açıb. Bu isə siyasətdə bəzən ən böyük inqilab, hətta ən böyük qələbə sayılır.

    ATATÜRK ANI – MƏĞLUBİYYƏT XARABALIĞINDA DÖVLƏT QURMAQ
    Burada çoxları səhv başa düşə bilər. Söhbət Paşinyanın Atatürk olması haqqında deyil. Belə müqayisə nə doğru olar, nə də ciddi. Söhbət tamamilə başqa şeydən gedir. 

    Bir zamanlar Osmanlı imperiyası dağıldı. Bir sıra insanlar imperiyanı xilas etməyə çalışır, digərləri isə Azərbaycan və Orta Asiya xalqlarını birləşdirərək yeni bir Turan imperiyası yaratmaq istəyirdi. Atatürk isə başqa yol seçdi. O, keçmiş və ya yeni yaradılacaq imperiyanı deyil, Türk dövlətini xilas etdi. 
    Bu gün Ermənistanın qarşısında da oxşar seçim dayanır. Sual budur: illyuziyallı "Böyük Ermənistan" ideyasını qorumaq vacibdir, yoxsa Ermənistan dövlətini? Bunlar eyni şey deyil. Tarixdə dəfələrlə olub ki, xalqlar xəyallarını xilas etmək istəyərkən dövlətlərini itiriblər. Ağıllı xalqlar isə bəzən xəyallardan imtina edib dövlətlərini qoruyublar. Paşinyanın qələbəsi məhz bu sualın cavabı ola bilər; ən azı erməni seçicisinin əhəmiyyətli hissəsi üçün. Və buna görə də bu seçkilər bir siyasətçinin qələbəsindən daha böyük hadisədir.

    Bu, Məğlubiyyət Partiyasının qələbəsidir. Bəzən xalqlar yalnız məğlub olduqdan sonra reallıqla tanış olurlar. Bəzən isə həmin tanışlıq gələcək qələbələrin başlanğıcı olur. Keçmişi dəyişmək olmaz. Gələcək müəmmalıdır və Allahın qismət qapısının arxasındadır. Amma bu gün xeyir əməllər etmək olar ki, sabahkı itkilərin sayı azalsın.

    ERMƏNI XALQI BU SEÇKILƏRDƏ TARİXİ SEÇIM ETDI 
    Deməli, nə olursa olsun, bu xalq siyasi seçim etmək qabiliyyətini hələ də itirməyib. Və bu xalq bu cür ağıllı və cəsarətli addım atmağa qadirdirsə, onun gələcəyi var. Bəs gələcəkdə ondan nə gözləmək olar? Cavab birmənalıdır: hər şey!

    Təsadüfdürmü ki, qondarma “erməni soyqırımı”na həsr olunmuş Tsitsernakaberd memorialı məhz Türkiyənin NATO-nun ön xətt qalasına çevrildiyi dövrdə — 1960-cı illərdə meydana çıxdı? Ondan əvvəl “Türkiyənin soyqırımı” mövzusu yalnız qoça qarıların nağıllarında yer tapırdı. Amma birdən-birə bütün məktəb kitabları və bütün ideologiya maşınları işə düşdü, dünyaya Türkiyə haqqında ağır ittihamlar yayılmağa başladı. Bu təsadüfdürmü? Mən buna inanmaqda çətinlik çəkirəm.

    Məsələn, bu seçkilərdən sonra Ermənistanın Avropa və ABŞ-ın dəstəyi ilə, inkişaf edən dünyaya inteqrasiyası, iqtisadiyyatın sıçrayışla inkişafı, regionun geosiyasi və siyasi-iqtisadi məkanında daha əlverişli status əldə etməsi mümkündür. Yaxud Rusiya müxtəlif yollarla yenidən Ermənistanla müttəfiqlik yaradar və ölkə tamamilə başqa ssenari üzrə inkişaf etməyə başlayar. 

    Bizə tarixdən bəllidir ki, 1951-ci ildə Yunanıstan və Türkiyə birlikdə NATO-ya daxil oldular. 23 il sonra, 1974-cü ildə Kipr böhranı baş verdi. Türkiyə Kiprdə hərbi əməliyyata başladı. Yunanıstan qəzəbləndi. NATO-nun onu müdafiə etmədiyini bəyan etdi. Etiraz əlaməti olaraq NATO-nun hərbi strukturundan çıxdı. Həmin günlərdə Afinada çoxları düşünürdü ki, NATO artıq Yunanıstana lazım deyil. Lakin altı il sonra, 1980-ci ildə Yunanıstan geri qayıtdı. Çünki dövlətlərin emosiyaları olur. Amma coğrafiyanın olmur. Coğrafiya insanlardan daha inadkardır. 
    Bu gün Ermənistanın KTMT(Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə münasibətlərinə baxanda həmin səhnələri xatırlamamaq çətindir. 1992-ci ildə təşkilatın qurucularından biri olan Ermənistan 2024-cü ildə KTMT-də üzvlüyünü faktiki olaraq dondurdu. Bu gün İrəvanda da eyni sözlər səslənir: “Müttəfiqlər kömək etmədi”,“KTMT öz funksiyasını yerinə yetirmədi", “Rusiya bizi satdı”. Bütün bunlar çox tanış səslənir. Çünki bunları yarım əsr əvvəl Afinada da danışırdılar. Tarix təkrarlanmır. Sadəcə, aktyorlar dəyişir. Ssenarist isə eyni qalır. Erməni xalqı seçimini etdi. Ola bilər ki, bu seçim səhvdir. Ola bilər ki, doğrudur. Bunu yalnız tarix biləcək. 

    EPİLOQ YERİNƏ
    Amma bir şey artıq məlumdur. Xalqların böyüməsi bəzən qələbələrlə baş vermir. Bəzən bunun üçün əvvəlcə məğlub olmaq lazımdır. Çünki bəzi xalqlar qələbədən sonra sərxoşlaşır. Bəzi xalqlar isə məğlubiyyətdən sonra ayılır. Bu yalnız ermənilərə deyil, bütün xalqlara xasdır. Ermənistanın qarşısında duran əsas sual Qarabağ deyil, Rusiya deyil, Qərb deyil. Əsas sual budur: Xalq öz xəyallarını qoruyacaq, yoxsa dövlətini? Son seçkilərdə ermənilər bu suala cavab verməyə çalışdılar. Tarix isə indi onların cavabını yoxlayır. 

    Mən isə yenə də öz fikrimdə qalıram ki, ssenarist həmişə olduğu kimi cənab tale, insanların hərəkətləri isə yalnız təsadüf deyil, seçimdir. Bəzən Allah bir qapını bağlayır ki, xalq, nəhayət, açılmış digər qapını görsün.