Laçın yolunda ekoloji piketin 45-ci günündə bütün xarici və beynəlxalq qüvvələr Azərbaycanın əleyhinə çıxış ediblər. Son bəyanat ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysdan gəlib. O, Bakını kommersiya və şəxsi səfərlər də daxil olmaqla, dəhliz boyunca sərbəst hərəkətin tam bərpasını təmin etməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə Praysa cavab verib. O bildirib ki, “Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan 1000-dən çox avtomobili Laçın yolu ilə hərəkət edir”. “Erməni tərəfini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz hərəkətlərə son qoymağa çağırmaq yerinə düşərdi!”, - Ayxan Hacızadə Twitter-də yazıb.
Lakin əvvəlki sözlü atışmalar təcrübəsinə əsaslansaq, Bakıya təzyiqlərin bitəcəyini gözləməyə dəyməz. Belə şəraitdə Azərbaycanı nə gözləyə bilər? Bu barədə ekspertlər sosial şəbəkədə bildirirlər.
Deputat Rasim Musabəyov əmindir ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti (MHK) azərbaycanlılara qarşı güc tətbiq etməyəcək, çünki MHK öz məsuliyyət zonasında təkcə ermənilərin deyil, azərbaycanlıların da təhlükəsizliyini təmin etməyə borcludur. Madam ki MHK Vardanyana və onun səfərbərliyilə, qanunsuz istismar edilən mədənlər üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə razılaşdırılmış monitorinqi pozan Qarabağ ermənilərinin etirazına qarşı çıxmadı, o zaman azərbaycanlı ekofəalların analoji etirazı ilə barışmalıdır. MHK-nın onlara qarşı silah işlətməyə haqqı yoxdur və etirazçıları sıxışdırmaqla yolu təmizləmək iqtidarında deyil .Şuşa şəhərində hadisə yerindən bir neçə yüz metr aralıda Azərbaycan kommandoslarının bölmələri yerləşdirilib, lazım gələrsə, onlar azərbaycanlı vətəndaş fəallarına kömək edəcəklər”, - deputat Musabəyov yazır.
Ukraynada müharibədə ilişib qalan Rusiya Azərbaycanla birbaşa silahlı toqquşmaya getməyi özünə rəva bilməz. MHK-nın nəzarət zonasının perimetri boyunca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç korpusu yerləşib, sayca və atəş gücünə görə MHK-dan on dəfə üstündür. Odur ki, Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə olunması üçün yola birgə nəzarətlə bağlı Bakı ilə razılaşmaya nail olmanın alternativi yoxdur. Güman edirəm ki, gizli danışıqlar gedir və Vardanyanın müqavimətinin qarşısı alınacaq. O, özü tezliklə əlverişli bəhanə ilə Qarabağı tərk edəcək”,- Milli Məclisin deputatı əlavə edib.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Arsaxın dövlət naziri” Ruben Vardanyanın fəaliyyətini, onun sülhməramlıların çətiri altında yerli kriminal avtoritetlərlə münaqişəsini “faydalı idiotun boşboğazlığı” adlandırıb.
"Daha bir neçə həftə keçəcək və “Miatsum 2” layihəsi fəlakətli şəkildə tarixə düşəcək", - diplomat proqnozlaşdırır.
O, narazı ermənilərin Qarabağdan çıxa bilməsi üçün Bakının nəzarəti altında Ağdərə-Kəlbəcər-sərhəd marşrutu üzrə hərəkətin açılmasını təklif edir.
"Tez bir zamanda Laçında nəzarət-buraxılış məntəqəsində sərhəd və gömrük nəzarəti tətbiq etmək lazımdır. Bizim sərhədçilərin icazəsindən sonra müvəqqəti olaraq yüklərin və adamların keçidinin təhlükəsizliyini Rusiya sülhməramlı kontingenti daha iki il müşahidə edə bilər. Amma nəzarət yalnız bizimdir! Bu sərhəd və gömrük nəzarəti ermənilərin öz sərhədində tətbiq etdiyindən fərqlənmir”, - Zülfüqarov qeyd edib.
“Sülhməramlıların yeganə funksiyası Laçın yoluna nəzarət etmək və heç bir yerdə atəş açılmamasını təmin etməkdir. Onların başqa funksiyaları yoxdur. Bu kimi problemlərin qarşısını almaq üçün Azərbaycanın yol üzərində suverenliyini tətbiq etmək lazımdır”, - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirir.
Rusiya 2022-ci il dekabrın 12-dək olan vəziyyətin geri qaytarılması üzrə tədbirlər görmək iqtidarında deyil. İş Azərbaycanın şərtlərini qəbul etməyə doğru gedir. Üçtərəfli hərəkətlərin icrasının “ciddiliyi” Ermənistanın əməl etmədiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsilə müqayisə oluna bilər. İndi də Azərbaycan birtərəfli addımlar atır – “beynəlxalq vasitəçilik” Bakının öz təhlükəsizliyini öz resursları ilə təmin etməsi üçün seçim qoymur, - o yazır.
Məmmədov Qərbin vasitəçiliyinin səmərəsizliyini Fransanın ermənipərəst mövqeyilə əlaqələndirir.
"Yan təsirlər də var. Bunsuz mümkün deyil. Antiazərbaycan kontenti yaradılır. Amma bu, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığı halda hədəfə çatmağın qarşısında heç nədir. Hələlik ancaq informasiya köpüyü var, hərəkət - ölkəyə və ya rəhbərliyə qarşı sanksiyalar yoxdur. Əgər məsələ Qarabağa görə Azərbaycana qarşı sanksiyaya qədər gedərsə, bu, problemin hərbi yolla operativ həllinə gətirib çıxaracaq.
Ermənistan rəhbərliyinin və Qarabağda hərbi cinayətkarların manevr üçün meydanı daralır. Rusiya trekində Paşinyandan 9-10 noyabr 2020-ci il bəyanatındakı öhdəliklərin “ciddi” yerinə yetirilməsi” tələb olunur. Qərb trekində Paşinyan Qarabağ mövzusunu irəlilədə bilmir və onun “Rusiyanın sülh müqaviləsi layihəsinə yüz faizlik dəstəyi” qıcıq və narazılıq yaradır. Bu, ABŞ və Avropada məyusluğa səbəb olur. Avropa Parlamentinin qətmanəsi və Avropa İttifaqının Ermənistandakı missiyası (əvvəlcə 400, sonra 200 deyirlər, amma 100 müşahidəçi göndərirlər) İcevan tülküsünə cəsarət qazandırmaq üçün avansdır. Başqa bir şey deyil. Və Bakının Paşinyana inamı itir.
Azərbaycan nümayiş etdirir ki, təzyiqlərə baxmayaraq, öz xəttindən geri çəkilmir. “Vardanyan layihəsi”, sadəcə, addımların reallaşmasını sürətləndirdi. İndiki mərhələdə Bakı üçün öz sülh müqaviləsi variantını Moskva trekində də möhkəmləndirmək vacibdir. Soçidə bir-birinin ərazi bütövlüyünün tanınması barədə Praqa tezisini təkrarlamaq mümkün olub.
Avropa İttifaqının özünü kənarlaşdırmasını Amerikanın pərdəarxası iştirakı ilə Gürcüstanda regional üçtərəf əvəz edə bilər. Niyə də yox?! Vaşinqton Avropanın necə olduğuna bir daha əmin oldu.
Azərbaycanın tələbləri barədə “prezident” Araik Arutyunyandan öyrəndik, lakin hansı vaxt müddətinin müəyyən olunduğu qeyd edilmir. Az qalıb. Qarabağ xuntasının dağılacağı vaxtı qarşıdakı günlər, həftələr göstərəcək. Amma o, dağılacaq. Əsas odur ki, biz psixoloji maneələri dəf edirik və stereotipləri qırırıq. Amma bu günlərdə kimin özünü necə apardığını da yadda saxlayırıq...”, - deyə ekspert Fərhad Məmmədov fikrini yekunlaşdırıb.
(Turan İA)