Ermənistanın hərbi bazasındakı yanğının səbəbi məlumdur
15 nəfərin ölümü, 3 nəfərin ağır yaralanmasına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub
Ermənistanda yaradılan istintaq qrupunun məlumatına görə, hərbi hissədə yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Təhlükəsizlik qaydaları pozulduğundan zabitin əli yanıb və o, beş litrlik benzin qabını refleksli şəkildə kazarma tərəfə atıb.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da hökumətin iclasında Basarkeçər rayonunun Azad kəndindəki hərbi hissədə baş vermiş faciəvi insidentə də toxunaraq bildirib: “Məlum olduq ki, Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin yanğınsöndürmə bölməsi vaxtında gəlib, lakin məsafə, təbii ki, kifayət qədər böyük olub. Məlum olub ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi 2022-ci il dekabrın 21-də “Silahlı Qüvvələrin hərbi hissələrində baş vermiş yanğınlar və onların qarşısının alınması haqqında” əmr imzalayıb. Yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün görüləcək işlər barədə göstəriş verilib. Bütün mətni dərc etməyə ehtiyac yoxdur, 7-ci bənddə deyilir: “Sobalarla işləyərkən benzin, nefra və digər tez alışan mayelərdən istifadə etmək, onları digər mayelərdən ayrı saxlamaq qəti qadağandır”. Bu sərəncamın primitiv icrası bütün bunların qarşısını almış olardı. Amma öyrənirik ki, təkcə benzindən istifadə olunmayıb, ilkin məlumatlara görə, sobaları yandırmaq üçün xüsusi alışdırıcı qurğular ayrılıb ki, əlavə vəsaitə ehtiyac olmasın. Bununla belə, 5 litrlik qabın içindəkiləri sobaya tökmək cəhdi edilib. Təbii ki, açıq atəşlə təkcə soba deyil, benzin də yanıb, alov sobanı yandırmaq istəyən zabitə də keçib, bundan sonra o, özünümüdafiə instinktinə əsaslanaraq bu qabı sığınacağa tərəf atıb. Bundan sonra baş verənlər isə artıq aydındır”, - Paşinyan bildirib.
Hərbi hissədə baş verən yanğında 15 yeni çağırışçı həlak olub, 6 əsgər və 1 zabit yaralanıb. Bu barədə Ermənistanın Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.
Xatırladaq ki, yanvarın 19-da gecə saat 01:15 radələrində Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının binasında qeyri-müəyyən şəraitdə yanğın baş verib. İlkin məlumata görə, 15 hərbçi ölüb, səhər saatlarına olan məlumata görə, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.